Ukrayna ordusunun Donetsk şəhəri ətrafındakı Avdeyevka şəhərində, Peski, Opıtnoye, Vodyanoye kəndlərində yerləşən mövqeləri daha çox atəşə məruz qalıb. Mariupol şəhəri yaxınlığındakı strateji əhəmiyyətli Şirokino kəndi isə son günlər separatçıların aramsız hücumları ilə üzləşir. Mayın 3-də axşam və 4-nə keçən gecə kənddə 6 saat döyüş gedib. Ukrayna qüvvələri hücumları dəf ediblər.
Ali Radanın deputatı İqor Mosiyçuk baş verənləri hərbi əməliyyatların aktiv mərhələsinin yenidən başlanması kimi qiymətləndirib: "Rusiyalı silahlılar bütün şərq cəbhəsi boyunca bizim ordunun mövqelərini "Qrad” qurğuları, qaubitsa və digər ağır silahlardan atəşə tutur. Şirokinoda hücuma keçiblər, Peski rayonunda da vəziyyət yaxşı deyil. Müdafiə Nazirliyi, Baş Qərargah və ali baş komandan niyə susurlar, mənə maraqlıdır”.