Elşad Musayev: “Fransa Azərbaycana düşmən münasibət sərgilədiyi üçün onlardan istənilən təhdid gözləmək olar”
Məlum olduğu kimi, bu günlərdə Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkəsi ABŞ-ı əvəz edərək Ukraynanı peyk məlumatları ilə təmin edə bilər. Təbii ki, Fransa bu sahədə ABŞ-ı əvəz edə bilməz. Çünki ABŞ orbitdə 9088 peykə malik olduğu halda, Fransa orbitdə 113 peykə malikdir. Bütün bunlar öz yerində.
Ancaq bizim üçün maraqlı olan məsələnin başqa tərəfidir. Məsələ ondadır ki, Fransa Ermənistanla çox yaxındır. Paris nəinki Ermənistanı himayə edir, həm də mərhələli şəkildə silahlandırır. Artıq neçə vaxtdır ki, bu davam edir. Fransa Ermənistanı nəinki müdafiə xarakterli silahlarla, həm də ağır hücum silahları ilə təmin edir. Bütün bunlardan çıxış edərək, Fransanın 113 casus peyki Azərbaycan üçün hansısa potensial təhdid, risq yaradırmı və yaradırsa, bu nədən ibarətdir?
“Ermənistanın əlində hansısa informasiya olsa belə, o potensialı yoxdur ki, Azərbaycana qarşı böyük bir təhlükə törətsin”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev buna bir neçə aspektdən yanaşdı: “Orbitdə süni peyklərdən hərbi məqsədlər üçün istifadə etmək 20-ci əsrin ikinci yarısından başladı. SSRİ ilə ABŞ arasında soyuq müharibə dönəmində yaşanan rəqabət buna təkan verdi. Ondan sonra Çin, Yaponiya, ayrı-ayrı Avropa ölkələri, Fransanın özü süni peyk yarışına giriblər. Casus peyklərdən hərbi məqsədlər üçün istifadə edirlər. Süni peyklərin müxtəlif vəzifələri var və ayrı-ayrı məqsədlər güdürlər. Bəli, Fransa Azərbaycana düşmən münasibət sərgilədiyi üçün onlardan istənilən təhdid gözləmək olar. Nəzərə almalıyıq ki, Fransa güclü hərbi-sənaye imkanlarına malikdir. Avropa İttifaqının yeganə nüvə dövlətidir. O cümlədən, kosmik fəzada işlər aparır, müəyyən casus peyklərinə malikdir. Ancaq hələ ki, Fransanın süni peyklər vasitəsilə Ermənistana malumatlar verib-verməməsi barədə informasiya yoxdur. Lakin bütün hallarda bu bizi qorxutmamalıdır. Ermənistanın əlində hansısa informasiya olsa belə, o potensialı yoxdur ki, Azərbaycana qarşı böyük bir təhlükə törətsin. Çünki müdafiə imkanları, hərbi və silah imkanları baxımından Azərbaycan Ermənistandan qat-qat güclü dövlətdir. Eyni zamanda, Azərbaycan ordusu gücünə görə Avropa ölkələrinin əksəriyyətindən güclü Silahlı Qüvvələrə malikdir. O baxımdan hesab edirəm ki, Fransa Ermənistana hansısa süni peyk məlumatları ötürsə belə, nəyəsə nail ola bilməyəcəklər. Ona görə ki, Azərbaycan çox güclü və regionun lider dövlətidir”.
Vidadi ORDAHALLI