Bakıda keçirilən COP29 konfransı - karbon bazarları ilə bağlı qərarlardan tutmuş təmiz enerjiyə keçid etməyə çalışan inkişaf etməkdə olan ölkələrin maliyyələşməsi üçün əlverişli şəraitin yaradılmasına qədər - bir neçə vacib nailiyyətlərə imza atdı.
Bunu Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
“Biz artıq COP üzrə 29 konfrans görmüşük və onların nəticələri fərqli-fərqli olub: bəziləri uğurlu olub, başqaları yox. Bəziləri əlverişli beynəlxalq siyasi kontekstdə, digərləri isə çətin şəraitdə keçib. Bakıdakı COP29 isə çox mürəkkəb siyasi kontekstdə baş tutub. Buna baxmayaraq, mən şadam ki, konfrans karbon bazarları ilə bağlı qərarlardan tutmuş təmiz enerjiyə aparan yolda inkişaf etməkdə olan ölkələrin maliyyələşməsi üçün əlverişli şəraitin yaradılmasına kimi bir neçə vacib nailiyyət əldə edib”, - deyə o vurğulayıb.
Birol həmçinin bildirib ki, Azərbaycan hökuməti və Beynəlxalq Enerji Agentliyi müxtəlif dövlətlərin və hökumətlərin nümayəndələrinin qatıldığı COP29 çərçivəsində bir sıra yüksəksəviyyəli dialoqlar təşkil ediblər. Həmin görüşlər dünyanın müxtəlif ölkələrində keçirilib və dövlətlərin mövqelərinin yaxınlaşması məqsədi daşıyıb. O həmin görüşlərin konfransın uğurlu nəticələrinə böyük töhfələr verdiyinə ümid etdiyini bildirib.
“İqlim dəyişikliyi bütün ölkələrin üzərində işləməli olduğu əsas problemdir”, - deyə Agentliyin rəhbəri vurğulayıb.
ZÜMRÜD