Daha əvvəl dondurulmuş Rusiya aktivlərinə həbs qoyulmasının beynəlxalq hüquqa zidd olduğunu vurğulayan Makron bu dəfə hökumətdən söz mövzusu aktivlərə həbs qoyulmasının mümkün nəticələrini diqqətlə araşdırmasını istəyib.
Fransa hökumətinin sözçüsü Sofi Primas bildirib ki, Makron hökumətə Rusiya aktivləri ilə bağlı göstəriş verib.
Fransa hökumətinin hazırda dondurulmuş Rusiya aktivlərinə həbs qoyulmaması gərəkdiyini düşündüyünü deyə Primas bildirib ki, lakin prezident və baş nazir maliyyə nazirinə belə bir qərarın nəticələrini daha ətraflı araşdırmağı tapşırıb: “Bunun (bütün Aİ ölkələri üçün) çox cəlbedici olduğu açıq-aydındır. Burada (Avropa İttifaqı ölkələrində) Rusiyaya məxsus 230 milyard avro var".
Qeyd edək ki, Fransa prezidenti Makron fevralın 25-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı Rusiyaya məxsus dondurulmuş aktivlərə həbs qoyulmasının qeyri-mümkün olduğunu və bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib. Makron həmçinin vurğulayıb ki, dondurulmuş Rusiya aktivləri məsələsi Ukrayna üzrə sülh danışıqlarının bir hissəsi olmalıdır.
Fransanın müdafiə naziri Lekornu isə ötən həftə bildirib ki, Fransa hökuməti Ukraynaya dondurulmuş Rusiya aktivlərinin faizləri hesabına 195 milyon avro dəyərində yeni hərbi yardım paketi verəcək. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bunların beynəlxalq hüquq normalarına zidd olduğunu və Avropanın sonda Moskvadan “oğurladıqlarını” geri qaytarmalı olacağını vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı və G7 ölkələri Ukraynada hərbi əməliyyat başlayandan bəri Rusiyanın təxminən 300 milyard avroluq valyuta ehtiyatlarının demək olar ki, hamısını dondurub. Bunun 200 milyard avrodan çoxu Aİ-də, əsasən də dünyanın ən böyük klirinq və hesablaşma sistemlərindən biri olan Belçikanın “Euroclear” şirkətinin hesablarında saxlanılır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın dondurulmuş Rusiya aktivlərinin Qərb tərəfindən müsadirə edilməsinə cavab verəcəyini bildirib və Rusiyanın Qərb ölkələrinin bu ölkədə saxladığı vəsaitləri geri qaytarmamaq variantının olduğunu deyib.
TAHİR