Rey Kərimoğlu: “Birinci Qarabağ müharibəsi zamanında ermənilər müxtəlif adda silahlı birləşmələr yaratmışdılar”
Məlum olduğu kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq və digər cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası davam edir.
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar veriblər. Məhkəmə prosesi zamanı bir sıra məqamlara aydınlıq gətirilir.
Təqsirləndirilən şəxs Arayik Harutyunyan çıxışı zamanı bir sıra fikirlər səsləndirib. O qeyd edib ki, qanunsuz silahlı birləşmələrin bir hissəsinin adını eşidib: “Arabo”, “Arami”, “Böyük Tiqran”, “Sasunçi David” haqqında bilirdim. Bilirdim ki, hansısa döyüş əməliyyatlarında iştirak ediblər. Daha çox “Arabo” haqqında bilirəm. Onun komandirlərindən birinin adı Manvel olub. Onunla təmasım 2020-ci ildən sonra başlayıb”.
“Arabo” silahlı birləşməsi 1992-ci ildə Ağdərə-Goranboy istiqamətində Azərbaycanın qəhrəman əsgərləri tərəfindən məhv edilib”
Adıçəkilən qanunsuz silahlı birləşmələr haqqında fikir bildirən “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, təqsirləndirilən şəxsin səsləndirdiyi silahlı birləşmələrdən yalnız “Arabo”nu tanıyır. Bu silahlı birləşmə 1992-ci ildə Ağdərə-Goranboy istiqamətində Azərbaycanın qəhrəman əsgərləri tərəfindən məhv edib: “Məndə olan məlumata görə, həmin silahlı birləşmədən sağ qalanı yoxdur, hamısı igid oğlanlarımız tərəfindən məhv edilib. Bu silahlı birləşmə Xocalı soyqırımında iştirak etmişdi. Onu da deyim ki, birinci Qarabağ müharibəsi zamanında ermənilər müxtəlif adda silahlı birləşmələr yaratmışdılar”.
Günel CƏLİLOVA