Azər Həsrət: “Ermənilər daim olduğu kimi hər şeyi inkar edir, bütün məsələlərdə erməni marağını önə çəkir”
Ermənistan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində hələ də qeyri-konstruktiv mövqe sərgiləyir. Bunu DTX rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri ilə görüşü zamanı deyib.
Dövlət Komissiyasının sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələ itkin soydaşlarımızın axtarışı ilə bağlı Komissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirlərdir: “İtkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan əməkdaşlıq etmək niyyətində olmur və hələ də qeyri-konstruktiv mövqe sərgiləyir”.
“Əsir və itkin düşmüş şəxslərə münasibətdə də ermənilər bu cür davranır, biz də ona görə təəccüblənmirik”
Mövzu barədə fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın qeyri-konstruktuvliyi yeni və təəccüblü deyil: “Onlar bütün tarix boyu qeyri-konstrktiv yanaşmaları ilə diqqət çəkib və indi də davam edirlər. Halbuki, bu vəziyyətdən ən çox elə özləri əziyyət çəkir, onlara ziyan edir. Azərbaycan illərdir onlara başa salmaq istəyir ki, siz bu mövqeyinizlə ilk olaraq özününə ziyan edirsiz, həm də ikitərəfli münasibətlərə əngəl törədir. Bu səbəbdən də Azərbaycan rəsmiləri məlum məsələni daim diqqətdə saxlayır”.
Həmsöhbətimiz qeyd etdi ki, ermənilər daim olduğu kimi hər şeyi inkar edir, bütün məsələlərdə erməni marağını önə çəkir, yalan və uydurmalara əsaslanır və qarşı tərəfi məqsədli şəkildə gözdən salmağa çalışırlar. Bu, ermənilərin siyasətə yanaşmasıdır: “Əsir və itkin düşmüş şəxslərə münasibətdə də onlar bu cür davranır, biz də ona görə təəccüblənmirik. Ölkəmiz bu məsələnin həll yolunu bilir. Məlum mövzu ilə bağlı ölkəmiz müəyyən yerə qədər təmkin nümayiş etdirəcək. Ancaq o təmkinin də sonu gələndə ermənilərə anladığı dildə başa salınacaq ki, bu məsələ ilə bağlı işbirliyi vacibdir. Onda ermənilər nə etdiklərini başa düşəcəklər”.
Günel CƏLİLOVA