Bu gün Ukrayna və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanında bir araya gələcək. Tramp administrasiyası Ukrayna ilə birgə mineral ehtiyatların işlənməsi sazişi üçün Kiyevin atəşkəsi sürətləndirməyə razılıq verməsi şərtini irəli sürüb. Bugünkü görüşdə də əsas müzakirə mövzusunun bununla bağlı olacağı gözlənilir.
“The Economist” rəsmilərə istinadən yazır ki, Ukrayna və ABŞ arasında danışıqlar uğursuz olarsa, Kiyev üçün belə bir fürsət çətin ki, bir daha mümkün olsun. Qeyd edilir ki, danışıqlar iflasa uğrasa Vaşinqton Ukraynaya təzyiqləri artıra bilər. Digər tərəfdən, ABŞ indiki yanaşmasını davam etdirsə, Ukrayna “boz zona”ya çevrilə və daha sərt hərbi üsullara əl atmağa məcbur qala bilər. Ukrayna rəsmisi bildirib ki, bu halda ölkəsi daha aqressiv strategiya yürütməli olacaq.
Mənbələr hesab edir ki, ABŞ və Ukrayna razılığa gələ bilməsə, Vaşinqton Moskva ilə birlikdə Kiyevə “öz qərarlarını” tətbiq edəcək.
Qeyd edək ki, Ukrayna prezidenti Zelenski atəşkəs müqabilində ərazi güzəştlərinin qəti əleyhinə olduğunu bildirib. Kreml isə Kiyevin güzəştə getməməsini “döyüş bölgəsindəki real vəziyyəti qəbul etməmək” kimi şərh edir.
TAHİR