Mübariz Göyüşlü: “Vardanyanın səs yazısı Azərbaycan hökumətinin humanist siyasətinin göstəricisidir”
Bakıda hərbi cinayətlərdə ittiham edilən və məhkəmə prosesi keçirilən Ruben Vardanyanın ailəsinə göndərdiyi səs yazısı ictimailəşib. Belə ki, Vardanyan bu səs yazısının yayılmasını özü istəyib və tam 11 dəqiqəlik bir müraciət edib.
Qeyd edək ki, bu səs yazısı Bakıda mühakimə olunan Ruben Vardanyanın bütün hüquqlarından maksimum istifadə etdiyini ortaya qoyur. Ruben Vardanyan bu səs yazısı ilə erməni mediasında və erməni diasporunun təsiri ilə bəzi beynəlxalq media orqanlarında yayılan iddiaları alt-üst edir. Belə ki, bir müddət öncə Vardanyanın saxlanılandan öncəki və sonrakı şəkillərini yayan bəzi tərəfdarları onun səhhətində ciddi problem olması barədə yalançı hay-küy yaratmışdılar.
“… məlum səs yazısı bir daha sübut etdi ki, saxlanılan şəxslərlə Azərbaycan hökuməti normal davranır, onlara hər hansı bir təzyiq göstərilmir”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Vardanyanın məlum səs yazısı onların hay-küyünün boş olduğunu üzə çıxartdı: “Səs yazısı Azərbaycan hökumətinin humanist siyasətinin göstəricisidir. Baxmayaraq, bu şəxslər ölkəmizə qarşı ağır cinayətlər törədib. Məhkəmə prosesi hazırda davam edir, faktlar bir-bir ortaya çıxır, hətta özləri də etiraf edir. Onların mühakiməsi qanun çərçivəsində həyata keçirilir. Məhkəmə prosesi açıq şəkildə keçirilir, hər kəs baş verənləri, deyilənləri görür”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bir qrup şəxs Vardanyanı müdafiə edir. Həmin şəxslərin bir qismi Ermənistanda və ya xaricdə yaşayır: “Həmin şəxslər məlum hadisə ilə bağlı bizi ittiham etməyə çalışır. Ancaq Vardanyanın məlum səs yazısı bir daha sübut etdi ki, saxlanılan şəxslərlə Azərbaycan hökuməti normal davranır, onlara hər hansı bir təzyiq göstərilmir. Hesab edirəm ki, məhkəmə bu şəxslərə layiq olduğu cəzanı verəcək. onlar öz cəzasını, haqq öz yerini tapacaq”.
Günel CƏLİLOVA