Elşad Həsənov: “İsrail bu sahədə bizə dəstəyini göstərəcək və Tramp 907-ci düzəlişi ləğv edəcək”
İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır. Bu barədə İsrail parlamentində (Knesset) Baş nazir Benyamin Netanyahunun kabinet üzvü və milli missiyalar naziri Orit Ştrak məlumat verib.
“Yerusalim Post” yazır ki, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub. Parlament müzakirələrinin təşəbbüskarı olan Moşiaşvili Azərbaycanla strateji müttəfiqliyin müasirləşdirilməsi və bu ölkənin “İbrahim sazişləri” çərçivəsinə daxil edilməsinin mümkünlüyü məsələsini qaldırıb. Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, o, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir (söhbət Azadlığa Dəstək Aktına bədnam 907-ci düzəlişdən gedir).
Öz növbəsində, İsrailin Baş Nazirlik Ofisi bəyan edib ki, ölkə İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır. Bu danışıqlar həm də Azərbaycana qarşı tətbiq edilən ədalətsiz sanksiyaların ləğvinə aiddir.
Görünən odur ki, çox maraqlı proseslər gedir.
“Bütün bunlar Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçməsindən xəbər verir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənov bildirdi ki, İsrail Azərbaycanın strateji müttəfiqidir və ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biridir: “Azərbaycanla İsrail arasında 7 aprel 1992-ci ildə diplomatik əlaqələr qurulub. Deməyim odur ki, müstəqillikdən üzü bəri Azərbaycanın İsraillə çox yaxın əlaqələri var. Bu, həm də 44 günlük müharibədə özünü biruzə verdi. İsrail Azərbaycanı hər yerdə strateji müttəfiq, siyasi partniyor kimi dəstəkləyir. Azərbaycan hər zaman yaxşı mənada İsrailə dəstək olub. İsrail lobbisi olmasaydı, ermənilər ABŞ-ın timsalında Azərbaycana yönəlik təzyiqləri daha da artırardılar. Bu amil əhəmiyyətli dərəcədə erməni lobbisinin məkrli planlarının qarşısını alır. 1992-ci ilin oktyabrında ABŞ Konqresi Azərbaycana qarşı bədnam 907-ci düzəlişi qəbul edəndə Azərbaycan bir il idi ki, müstəqillik əldə etmişdi. Bizim Birləşmiş Ştatlarla yaxın əlaqələrimiz yox idi. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ABŞ-la əlaqələr keyfiyyətcə yeni mərhələyə keçdi. 1994-cü ilin 20 sentyabrında ABŞ-ın dəstəyi və iştirakı ilə xarici neft şirkətləri ilə kontrakt imzalandı. 1999-cu ildə ABŞ-ın dəstəyi ilə İstambulda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişinə dair saziş imzalandı. 2002-ci ildən başlayaraq 2023-cü ilin sonuna qədər ABŞ prezidentləri bədnam 907-ci düzəlişi hər il dondururdular. Bayden administrasiyasının aşırı ermənipərəstliyi düzəlişin yenidən qüvvədə qalmasına gətirib çıxardı. Trampın yenidən prezident seçilməsi Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçməsindən xəbər verir. Bu səbəbdən İsrail və yəhudi icması çalışır ki, ABŞ-la Azərbaycan arasında münasibətlər daha yaxşı olsun. Eyni zamanda üçtərəfli - İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq istəkləri var. Bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycanın İsraillə yaxınlığı üçüncü bir ölkəyə qarşı yönəlməyib. Bu arada ABŞ-ın 50-dən çox yəhudi ravvini “İbrahim razılaşması”nın genişləndirilməsi və türk dövlətlərini (Azərbaycan, Qazaxıstan və Özbəkistan) ora daxil etməklə bağlı ABŞ prezidenti Donald Trampa müraciət edib. İkinci müraciət Azərbaycana qarşı 907-ci maddənin ləğv edilməsinin zəruriliyi ilə bağlıdır. Trampın əvvəlki prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə olub. Hesab edirəm ki, İsrail bu sahədə bizə dəstəyini göstərəcək və Tramp 907-ci düzəlişi ləğv edəcək”.
Vidadi ORDAHALLI