Elşən Manafov: “ABŞ dünyanın ikinci iqtisadi gücü olan Çini özünün əsas rəqibi sayır”
Rusiya, İran və Çin hərbi qarşılıqlı etimadı dərinləşdirmək üçün birgə dəniz təlimləri keçirəcək. Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin İranın cənub-şərqindəki Çabahar limanında başlaması gözlənilir. Məlum olduğu kimi, təlimlərə dəniz hədəflərinin vurulması, zərərin aradan qaldırılması, birgə axtarış-xilasetmə üzrə təlim kursları daxildir və onların məqsədi iştirakçı ölkələrin orduları arasında hərbi qarşılıqlı etimadı və praktiki əməkdaşlığı dərinləşdirməkdir. Çin Müdafiə Nazirliyi bəyan edib ki, təlimlər ölkələr arasında etimadı birləşdirmək və möhkəmləndirmək məqsədi daşıyır. Rusiya, Çin və İran hər il oxşar təlimlər keçirir. Sonuncu birgə təlimlər ötən il Oman körfəzində keçirilib.
ABŞ prezidenti Donald Trampın Rusiya ilə barışıq axtarması hara, Rusiyanın da Çin, İran kimi müttəfiqləri ilə məhz indiki vaxtda birgə dənizdə hərbi təlimlər keçirməsi hara? Bəs ABŞ dövlət katibi Marko Rubio deyirdi biz istəyirik Rusiyanı Çindən ayıraq? Nə oldu bəs?
“Putin və Si Zinpin gözəl başa düşürlər ki, Rusiya və Çinin bir birindən ayrılması, əslində ABŞ-ın...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, Rusiyanın Çinlə ilk birgə hərbi təlimləri 2005-ci ildə keçirilib: “Bu barədə razılıqlar isə tərəflər arasında hələ 2001-ci ildə baş tutmuş danışıqlarda əldə edilib. İranın da iştirakı ilə növbəti birgə hərbi təlimlərin martın 11-də ölkənin cənub-qərbində keçirilməsi nəzərdə tutulub. Təlimlər regional təhlükəsizlik problemlərinin həllində tərəflər arasında hərbi əməkdaşlığın genişləndirilməsi məqsədilə keçirilir. ABŞ-ın Moskva və Pekini bir-birindən ayırmaq uçun 37-ci prezident Riçard Niksonun dövründə olduğu kimi müəyyən gedişlər edəcəyi proqnozlaşdırılırdı. ABŞ dünyanın ikinci iqtisadi gücü olan Çini özünün əsas rəqibi sayır. Lakin Pekin və Moskva arasında hərbi sahədə əməkdaşlıq ABŞ-a Çinlə haqq-hesabı hərbi müstəvidə həll etməyə imkan vermir. Buna görə də Tramp administrasiyası Çinlə ticari müharibəni genişləndirməyə daha böyük önəm verir. Digər tərəfdən, Tayvan ətrafında, habelə Cənub-Şərqi Çin dənizində özünün hərbi kontingentini daim gücləndirməklə Pekini təhdid edir. Cənubi Koreya və Yaponiyanı da Çinə qarşı birgə hərbi ittifaqa sövq edir. Bütün bunlara cavab olaraq Çin də hərbi gücünü artırır, hazırda onun müdafiə xərcləri 246 milyard dollara çatır. Ən əsası isə Çin Rusiya, habelə BRİKS-in digər üzvləri, o cümlədən, İranla bir qütblü dünya nizamına qarşı çıxış edir. Rusiyanın bununla bağlı hərbi və diplomatik səylərinə dəstək verir. Putin və Si Zinpin gözəl başa düşürlər ki, Rusiya və Çinin bir birindən ayrılması əslində ABŞ-ın uzaq gedən strateji maraqlarına hesablanmış bir siyasətdir. Bununla bağlı Rusiya və Çin liderləri arasında bu il fevralın 24-də baş tutmuş telefon danışığında tərəflər bəlli qüvvələrin bütün səylərinə baxmayaraq, indiyədək əldə edilmiş razılıqlara sadiq qalacaqlarını və əks tərəfləri məmnun edə biləcək addımlar atmayacaqlarını bəyan ediblər. İki gün sonra İranın da iştirakı ilə baş tutacaq birgə hərbi təlimlər göstərir ki, çoxqütblü dünya nizamı ilə bağlı tərəflər arasında əldə edilmiş razılıqların icrası strateji müttəfiqlər arasında koordinasiya edilmiş siyasətin doğura biləcəyi reallıqlardan asılı olacaq. Putin və Si Zinpin isə muasir dünya siyasətinin bütün incəliklərinə bələd olduqlarından onlardan siyasi sadəlövhlük gözləyənlərin ümidləri puç olacaq”.
Vidadi ORDAHALLI