Avropa Birliyinin (AB) 150 milyard avroluq müdafiə investisiya planı Almaniya və Fransa arasında ciddi fikir ayrılığına səbəb olub. Tərəflər arasında mübahisə isə Türkiyənin də sözügedən plana daxil edilməsi ilə bağlıdır.
Aİ Komissiyası böyük silahlanma kampaniyasını maliyyələşdirmək üçün 150 milyard avro borc almağı planlaşdırdığını açıqlayıb.
Almaniya bu sərmayələrdən AB-yə daxil olmayan ölkələrin də faydalanması gərəkdiyini bildirir, Fransa isə yalnız Aİ daxilində istehsal edilən silah və hərbi texnikaya üstünlük verilməsini tələb edir.
Almaniya kansleri Olaf Şolz keçən həftə Aİ sammitində deyib ki, bu vəsait Aİ üzvü olmayan, lakin bizimlə sıx əməkdaşlıq edən Böyük Britaniya, Norveç, İsveçrə və Türkiyə kimi ölkələr üçün də əlçatan olmalıdır.
Şolz vurğulayıb ki, xarici tərəfdaşlarla əməkdaşlıq Aİ-nin müdafiə qabiliyyətini gücləndirmək üçün həyati əhəmiyyət kəsb edir.
Fransa prezidenti Makron isə Aİ-nin hərbi müstəqilliyini gücləndirmək üçün vəsaitlərin yalnız Aİ daxilindəki istehsalçılara yönəldilməli olduğunu bildirir.
"Biz bu vəsaitlərin Aİ-dən kənarda xərclənməsini qəbul edə bilmərik. Avropa öz ayaqları üzərində dayanmalı və müdafiə sahəsində müstəqil hərəkət etməlidir", - Makron bildirib. dedi.
Brüsseldəki diplomatlar deyirlər ki, Fransa və Almaniya arasında mübahisə, daha öncə bənzər səbəblərlə gecikən 1,5 milyard avroluq Avropa Müdafiə Sənaye Proqramında olduğu kimi, bu fondun da həyata keçirilməsini çətinləşdirə bilər.
Keçən qış Parisin Aİ-dən kənar komponentlərin istifadəsinə məhdudiyyətlər tətbiq etmək səyləri bu proqramın ləngiməsinə səbəb olub.
NATO üzvü olan Türkiyə Avropa müdafiə sənayesində mühüm aktorlardan biridir. Türkiyənin müdafiə sənayesi son illərdə xüsusilə pilotsuz uçuş aparatları (PUA) və uzaq mənzilli hücum sistemləri məsləsində əhəmiyyətli irəliləyişlər əldə edib. Almaniyanın Türkiyəni də prosesə qatmaq istəyi Türkiyə müdafiə sənayesinin Avropa təhlükəsizliyində rolunu daha da artıra bilər.
Bildirilir ki, Avropa Komissiyasının rəsmiləri Fransa və Almaniya arasındakı gərginliyi aradan qaldırmaq üçün tərəflərlə intensiv danışıqlar aparır. Aİ mənbələri bildirirlər ki, Fransanın etirazlarına baxmayaraq, fondun əksəriyyətin dəstəyi ilə təsdiqlənməsi ehtimalı böyükdür. Bununla belə, Makronun qeyd-şərtləri səbəbindən prosesdə gecikmələrin ola biləcəyi də gözlənilir. Yaxın günlərdə Aİ liderləri və müdafiə sənayesi nümayəndələrinin məsələni müzakirə etmək üçün bir araya gələcəyi gözlənilir.
Avropanın xüsusilə ABŞ-ın qlobal təhlükəsizlik siyasətlərindəki dəyişiklikləri nəzərə alaraq, müstəqil müdafiə imkanlarını inkişaf etdirməsi ilə bağlı ümumi fikir var.
Tahir TAĞIYEV