Kommersiya peyk görüntülərinin aparıcı təchizatçısı olan “Maxar Technologies” Ukraynanın peyk görüntülərinə çıxışını dayandırıb. Ukraynada fəaliyyət göstərən “Miliyarnıy” müdafiə nəşrinə danışan bəzi istifadəçilər girişin kəsildiyini təsdiqləyiblər və qərarın “inzibati tələb əsasında” qəbul edildiyini bildiriblər.
“Defence Blog” yazır ki, məhdudiyyət ABŞ-ın Ukraynaya peyk məlumatlarının verilməsini qadağan edən siyasəti ilə birbaşa bağlıdır. Bir müddət əvvəl ABŞ hökuməti tərəfindən qəbul edilən bu qərar həm dövlət qurumlarını, həm də özəl təşkilatları əhatə edəcək şəkildə genişləndirilib.
“Maxar Technologies”, Rusiyanın hərbi hərəkətliliyini izləmək, strateji hədəfləri müəyyən etmək və müharibənin gedişatını təhlil etmək üçün Ukraynanın istifadə etdiyi ən yaxşı kommersiya peyk təminatçılarından biri idi. Ukraynanın kəşfiyyat məlumatlarının toplanması prosesində mühüm rol oynayan bu peyk çəkilişləri, işğal olunmuş ərazilər və Rusiya daxilindəki strateji yerlərlə bağlı kəşfiyyat məlumatları toplanmasına imkan verirdi.
Təkcə hərbi əməliyyatlar üçün deyil, dünya mediası üçün də mühüm mənbə olan “Maxar”ın peyk görüntüləri müharibənin dünya mətbuatında işıqlandırılmasını təmin edirdi. Beynəlxalq xəbər agentlikləri münaqişənin gedişatını izləmək və Ukrayna-Rusiya müharibəsinin gedişatını təhlil etmək üçün bu məlumatlardan istifadə edirdi.
Bildirilir ki, “Maxar”ın bu qərarı Ukraynanın döyüş meydanında kəşfiyyat imkanlarına böyük zərbə vuracaq. Yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərinə çıxışın kəsilməsi münaqişə zonalarında hadisələrin operativ planlaşdırılması və təsdiqlənməsində ciddi axsamalara səbəb ola bilər.
Məhdudiyyətin tam təsirinin isə qarşıdakı dövrdə aydın şəkildə müşahidə ediləcəyi gözlənilir.
TAHİR