Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İranın Körfəz sahillərindəki nüvə obyektlərinə hücumun region ölkələrini susuz qoyacağı ilə bağlı xəbərdarlıq edib.
ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan jurnalist Taker Karlsona verdiyi müsahibədə Qətərin belə bir hücumun nəticələrini simulyasiya etdiyini deyən Şeyx Məhəmməd, dənizin tamamilə çirklənəcəyini və Qətərdə “suyun üç gün ərzində tükənəcəyini” bildirib.
Şeyx Məhəmməd əlavə edib ki, ölkədə tikilmiş su anbarlarının tutumu artırılıb, lakin buna baxmayaraq regionda hər kəs üçün böyük təhlükə davam edir.
“Su yox, balıq yox, heç nə yox... həyat yox” deyən Qətərin baş naziri bu açıqlamaları Trampın İranı nüvə müzakirələrinə dəvət etdiyi gün verib.
İrandan 190 kilometr uzaqlıqda yerləşən Qətər su ehtiyacının böyük hissəsini duzsuzlaşdırma yolu ilə qarşılayır. Bu, quraq səhra bölgəsindəki digər Körfəz ərəb ölkələri üçün də keçərlidir. İranın Buşəhr nüvə elektrik stansiyası Körfəz sahilində yerləşir, atom silahı hazırlamaq üçün vacib olan uranın zənginləşdirilməsi obyektləri isə ölkənin daxili hissəsində yerləşir.
Şeyx Məhəmməd "sahilin o biri tərəfindəki" obyektlərə işarə edərək Qətərin təkcə hərbi deyil, həm də təhlükəsizlik qayğılarının olduğunu deyib.
İrana qarşı hərbi əməliyyata qarşı olduqlarını vurğulayan Qətər Baş naziri bildirib ki, ABŞ və İran arasında diplomatik həll yolu görünənə qədər mübarizə aparacaqlar.
Qeyd edək ki, Qərb dövlətləri uzun müddətdir ki, İranı nüvə silahı əldə etməkdə ittiham edir, İran isə bu iddianı rədd edir. İran 2015-ci ildə nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tutan saziş imzalasa da, Tramp 2018-ci ildə ilk prezidentlik dövründə bu sazişdən çıxmışdı.
TAHİR