Donald Trampın yenidən ABŞ prezidentliyinə qayıtması ilə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlar yenidən gündəmə gəlib. Uzun illərdən sonra ABŞ və Rusiya nümayəndə heyətləri Ukraynasız masa arxasında bir araya gəldi.
Trampın bu addımı Ukraynada heç də xoş qarşılanmadı. Bu narazılıq Vaşinqtonda iki lider arasında keçirilən görüşdə gərgin mübahisəyə səbəb oldu və ardından Zelenskinin Ağ Evdən qovulmasına qədər böyüdü.
Tramp sonuncu dəfə Ukraynadan daha çox Rusiya ilə sülh danışıqlarının daha asan olduğunu söyləyib. Bunun ardınca isə Rusiya lideri Vladimir Putin atəşkəs şərtlərini yenidən sadalayıb.
Putin Ukrayna ilə atəşkəs əldə etməyə hazır olduqlarını, lakin heç vaxt NATO qoşunlarının sərhəddə olmasını istəmədiyini bildirib. Kreml Rusiya liderinin istəyinin Səudiyyə Ərəbistanı danışıqları zamanı ABŞ-a çatdırıldığını açıqlayıb.
Putin deyib ki, atəşkəsə nail olmaq üçün Ukrayna ilə gələcəkdəki sülh sazişinin əsas prinsipləri dəqiqləşdirilməli və münaqişə zonasına sülhməramlı qüvvə göndərilməlidir. Kreml Çinin və ya “neytral” kimi görünən digər ölkələrin sülhməramlılar göndərməsinə etiraz etmədiklərini bildirib.
Ancaq Putinin bu tələbi Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən birmənalı qarşılanmır.
TAHİR