Qulamhüseyn Əlibəyli: “ABŞ-ın Ukraynada baş verən hakimiyyət dəyişikliklərində rolu olub və bu gün də var”
Trampın yaxın çevrəsindən olan dörd yüksəkvəzifəli şəxs Ukrayna müxalifəti ilə prezident seçkiləri ilə bağlı gizli danışıqlar aparıb.
Bu barədə "Politico" adlarının çəkilməsini istəməyən üç ukraynalı deputat və Respublikaçılar Partiyasının xarici siyasət üzrə ekspertinə istinadla xəbər verir.
Nəşrin məlumatına görə, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə, Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun tərəfdaşları ilə söhbətlər olub. Vurğulanır ki, danışıqların əsas mövzusu Ukraynada atəşkəs razılaşmasından sonra, lakin sülh danışıqları başlamazdan əvvəl prezident seçkilərinin keçirilməsidir.
Ukraynanın müxalif "Strana" nəşri, öz növbəsində, iddia edir ki, ABŞ nümayəndələri Kiyevin meri Vitali Kliçko, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri Kirill Budanov və "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamiya da daxil olmaqla, digər ukraynalı siyasətçilərlə də əlaqə saxlayırlar.
Maraqlıdır, ümumən Birləşmiş Ştatların Ukrayna müxalifəti ilə bağlı planları nədən ibarətdir? Hakimiyyət dəyişikliyi məsələsində Vaşinqtonda nə kimi niyyət güdürlər? Zelenskini devirməkmi, ölkədə yeni rəngli inqilabmı? Bir sözlə, bütün bu səylər nəyə yönəlib?
“Müxalifətlə təmaslar gözləntiləri doğrultsa, çox güman düyməyə basacaqlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinə münasibəti birmənalı olmayıb: “İlk günlərdən Tramp administrasiyası çalışıb ki, birtərəfli qaydada Ukraynanı güzəştə məcbur etsin. Bu prosesdə Putinin arqumentlərindən də istifadə edib. Həmin arqumentlərdən biri ondan ibarət idi ki, Ukraynada seçkilərin vaxtı keçib və ona görə də indiki hakimiyyət legitim deyil. Yəni yeni legitim hakimiyyətlə danışıq aparmaq lazımdır. Bu, Putinin irəli sürdüyü tezis və bəhanələrdən biridir. Tramp da çalışır ki, Ukraynada indiki hakimiyyəti hansısa formada dəyişsin. Səbəb odur ki, yeni hakimiyyəti güzəştə məcbur etmək daha asan olur. Bu baxımdan Zelenski hakimiyyətinin dəyişdirilməsi Tramp administrasiyasının planlarından biri kimi qiymətləndirilə bilər. Bu istiqamətdə növbəti fəaliyyət mexanizmi də məhz müxalifətlə görüşlərin keçirilməsi və digər məsələlərdir. Çünki heç kəsə sirr deyil ki, Birləşmiş Ştatların Ukraynada baş verən hakimiyyət dəyişikliklərində rolu olub və bu gün də var. Həm 2004-cü ildə, həm də 2013-cü ilin “Maydan” hərəkatında Ukraynada hakimiyyət dəyişikliyində ABŞ-ın rolu olub. Ona görə də ABŞ hesab edir ki, yeni “Maydan” hərəkatı ilə hakimiyyət dəyişikliyinə nail ola bilər. Ya da seçkilər keçirməklə bunu edə bilər. Fikrimcə, Tramp administrasiyasının müxalifətlə təmaslar qurması bu məqsədə xidmət edir. Çünki Tramp Zelenski ilə işləmək istəmir. Bunun əlamətləri müxtəlif formada özünü göstərməkdədir. Müxalifətlə təmaslar gözləntiləri doğrultsa, çox güman düyməyə basacaqlar”.
Vidadi ORDAHALLI