Azər Həsrət: “İndi faktlar ortaya çıxır, bu faktları da bizi eşitmək, görmək istəməyənlərə sübut etmək lazımdır”
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəmə prosesi davam edir.
Ötən məhkəmə prosesində Ermənistan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs Madat Babayan 1992-ci ildə Xocalıda olduğunu etiraf edib: “1992-ci ildə Xocalıda olmuşam. Məni çağırdılar getdim. Dedilər burada meyitlər var, gəl dəfn edək. Mən də aparıb yerini göstərdim”.
Bununla da Babayan Xocalıda olduğunu, dəfn etdiyi meyitləri etiraf edib.
“Hazırda məhkəməsi keçirilən erməni cinayətkarlarının məlum etirafı bu vaxta qədər ölkəmizə qarşı aparılan təbliğatın qarşısına çıxarılacaq bir faktdır”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Birinci Qarabağ müharibəsi dövründə də deyirdik ki, Ermənistan vətəndaşları Qarabağa gəlib, orada döyüşür, torpaqları işğal etmək istəyir: “Xatırladım ki, o vaxt erməni və Moskva təbliğatı elə səviyyədə aparılırdı ki, guya Qarabağda öz müqəddəratını təyin etmə mübarizəsi gedir. Ermənistan və başqa dövlətlər buna qarışmır. Ancaq biz əmin idik ki, ermənilər və Rusiya vətəndaşları orda vuruşub, Azərbaycan torpaqlarını işğal etmək istəyirdi. Danılmaz faktdır ki, Xocalı faciəsinin törədilməsində Ermənistan vətəndaşları ilə bir yerdə ruslar da iştirak edib. Hazırda məhkəməsi keçirilən erməni cinayətkarlarının bunu etiraf etməsi bu vaxta qədər ölkəmizə qarşı aparılan təbliğatın qarşısına çıxarılacaq bir faktdır. Bu faktla biz dünyaya göstəririk ki, 30-33 il öncə bizim dediklərimiz yalan deyildi. Sadəcə olaraq, beynəlxalq ictimaiyyət bizi eşitmək istəmirdi. Ancaq indi faktlar ortaya çıxır. Bu faktları da bizi eşitmək, görmək istəməyənlərə sübut etmək lazımdır. Onları başa salmaq lazımdır ki, Azərbaycan heç kimə şər-böhtan atmır, yalan danışmır. Hesab edirəm ki, Azərbaycan tərəfi məlum faktdan yetərincə istifadə etməlidir”.
Günel CƏLİLOVA