Almaniya Müdafiə Nazirliyinin sözçüsü Mixael Ştempfle bildirib ki, Almaniya Ukraynanı öz Bundesver (Almaniya Silahlı Qüvvələri) arsenalından silahlarla təmin etmək imkanının son həddinə çatıb.
Almaniyadan Ukraynaya “Patriot” sistemləri və digər silahların növbəti transferlərinin olub-olmayacağı sualına cavab verən Stempfle bildirib ki, Berlin artıq Ukraynaya çoxlu sayda sistemlər çatdırıb, lakin bunun da bir həddi var.
O, vurğulayıb ki, Berlin həm də öz müdafiə qabiliyyətini gücləndirməli və Avropalı müttəfiqlərinin “yaxşı mövqedə” olmasını təmin etməlidir. Sözçü həmçinin bildirib ki, Almaniyanın özünün müdafiəsini təmin etmək prosesi “Ukraynaya verilən dəstəyə paralel gedir”.
Qeyd edək ki, Almaniya Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Kiyevin ən mühüm dəstəkçilərindən biri olub. Almaniya Ukraynaya təxminən 47 milyard dollar dəyərində əhəmiyyətli hərbi və maliyyə yardımı göstərib. Bu yardıma “Leopard” tankları, “Panzerfaust 3” tank əleyhinə raketləri, “Stinger” zenit-raket kompleksləri və “Gepard” zenit-özüyeriyən zirehli maşınları da daxildir.
TAHİR