İki iqtisadi super güc olan ABŞ və Çin arasında Trampın qərarlarından sonra gərginlik artıb. Trampın ölkəyə gələn “fentanillə mübarizədəki uğursuzluqlara” görə Çinə tətbiq edilən tarifi 10 faizdən 20 faizə qaldırmasının ardından Çinin Vaşinqtondakı səfirliyi ABŞ-la hər cür mübarizəyə hazır olduqlarını bəyan edib.
"Əgər Birləşmiş Ştatlar həqiqətən də fentanil problemini həll etmək istəyirsə, o zaman ediləcək ən doğru şey bir-birinə bərabər davranaraq Çinlə məsləhətləşməkdir. Əgər ABŞ-ın istədiyi müharibədirsə, istər tarif müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı başqa bir müharibə növü olsun, biz sona qədər mübarizə aparmağa hazırıq" – deyə Çinin Vaşinqtondakı səfirliyinin X hesabındakı açıqlamasında bildirilir.
ABŞ-ın müdafiə naziri Pit Heqset isə, Çin rəsmilərinin Tramp administrasiyasının gömrük tarifləri tətbiq etməsinə qarşı ABŞ-la “hər cür müharibəyə hazır olduqlarına” dair açıqlamalarına cavab olaraq ABŞ-ın da “hazır olduğunu” bildirib.
Çinin Vaşinqtondakı səfirliyinin verdiyi açıqlamalarına münasibət bildirən nazir Heqset, ABŞ-ın "müharibə istəmədiyini", lakin Çinlə mümkün müharibəyə də "hazır olduqlarını" deyib.
"Sülh istəyənlər müharibəyə hazır olmalıdırlar. Biz hazırıq. Çin və ya hər hansı başqa ölkəyə qarşı çəkindirici olmaq istəyiriksə, güclü olmalıyıq", - Heqset deyib.
ABŞ Prezidenti Donald Trampın sülhün güclə gəldiyini anladığını ifadə edən Heqset deyib ki, buna görə ordumuzu yenidən qururuq: “Döyüşçü prinsipləri əsasında çəkindirmə qüvvəsini yenidən qururuq. Çox fərqli ideologiyalara malik güclü, yüksələn ölkələrin olduğu təhlükəli bir dünyada yaşayırıq".
TAHİR