Ramil Hüseynov: “Fransa səfiri məqsədyönlü şəkildə belə pozucu açıqlama ilə çıxış edir”
Fransanın İrəvandakı səfiri Olivye Dekotini erməni mediasına açıqlamasında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ilin Almatı Bəyannaməsi əsasında tanıdığını qeyd edərək bildirib ki, həmin sərhədlər dövlət sərhədi kimi tanınıb.
Səfirin fikrincə, bu o deməkdir ki, bütün işğalçı qoşunlar tutduqları kəndlərdən çıxmalıdır: “Sülh müqaviləsi 1991-ci il Almatı Bəyannaməsinin prinsiplərinə əsaslanmalıdır, yəni beynəlxalq sərhədlər keçmiş sovet respublikalarının inzibati sərhədləri olmalıdır. Bu da o deməkdir ki, bu sərhədlərin o tayına düşmüş işğalçı qüvvələr öz yerlərinə qayıtmalıdırlar. Bununla bağlı Ermənistan, belə demək mümkünsə, dörd kəndi, yaşayış olmasa da, boşaldaraq tədbirlər gördü. Azərbaycan da öz tərəfdən oxşar tədbirlər görməlidir”.
Göründüyü kimi, Fransa səfiri Azərbaycanı da işğalçı tərəf kimi təqdim edir. Məgər Azərbaycan Ermənistan kəndlərini işğal edib? Məgər ölkəmiz delimitasiya prosesində hansısa yerləri qaytarmayıb? Göründüyü kimi, Fransa səfiri birbaşa qızışdırıcı mövqedən çıxış edir.
“Başkənd hüquqi baxımdan Ermənistan eksklavı olsa da, tarixi Azərbaycan kəndidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Fransa səfiri məqsədyönlü şəkildə belə pozucu açıqlama ilə çıxış edir: “Əvvəla, Ermənistan Azərbaycanın bütün kəndlərini geri qaytarmayıb. Bəli, ötən ilin aprelində Ermənistan Qazaxın işğal altında olan 4 kəndini geri qaytardı. Ancaq Azərbaycanın 4 eksklav kəndi hələ də işğal altındadır. Söhbət Qazaxın 3, Sədərək rayonunun 1 kəndindən gedir. Yaxşı olardı ki, Fransa səfiri bunlardan danışsın. Əgər Ermənistan həqiqətən də xoşməramlı addım atırdısa, bu kəndləri bəs indiyə qədər niyə qaytarmır? Səfirin Azərbaycana yönəlik fikirlərinə gəldikdə isə, o, erməni tərəfinin informasiyalarına əsaslanır. Söhbət Gədəbəydə yerləşən Başkəndin Azərbaycanın nəzarətində olmasından gedir. Məsələ ondadır ki, bu kənd tarixən Azərbaycana məxsus olub. 1920-ci ildə SSRİ rəhbərliyi bu kəndi Ermənistana verdi, amma kənd anklav idi. Ermənistanla birbaşa quru əlaqəsi yox idi. 1988-ci ildə məlum hadisələr başlayandan sonra 1992-ci ilin avqustunda ordumuz Başkəndi erməni quldurlarından təmizlədi. Həmin kənd hüquqi baxımdan Ermənistan eksklavı olsa da, tarixi Azərbaycan kəndidir. Çünki bolşeviklər tərəfindən qanunsuz olaraq Ermənistana peşkəş edilib. Bu baxımdan Ermənistanın buna görə Azərbaycanı işğalçılıqda ittiham etməsinin və Fransa səfirinin də bu mövqedən çıxış etməsinin əsası yoxdur. Fransanın məqsədi odur ki, Cənubi Qafqazda sülh və sabitlik olmasın. O üzdən, səfir Olivye Dekotini belə qızışdırıcı mövqedən çıxış edir”.
Vidadi ORDAHALLI