Aydın Mirzəzadə: “Bu gün Ermənistan mediası və Qərb QHT-ləri, təşkilatları erməni canilər haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir”
Bakıda həbsdə olan separatçı, tanınmamış Dağlıq Qarabağ respublikasının keçmiş siyasi və hərbi liderlərinin məhkəməsi davam edir. Onların arasında ləğv olunmuş tanınmamış “Respublika”nın 3 keçmiş prezidenti Arkadi Qukasyan, Bako Saakyan və Arayik Harutyunyan da var.
Erməni mediası həmin cinayətkarlar haqqında həqiqətə uyğun olmayan məlumatlar yayır. Hətta Qərbyönlü QHT-lər Ruben Vardanyanın başının dəmirlə sıxıldığını iddia edir. Qeyd edirlər ki, guya Vardanyanın həyatı üçün birbaşa təhlükə var. Onlar beynəlxalq humanitar və tibbi təşkilatların təcili müdaxiləsini tələb edir. Ancaq faktlar, məhkəmədə onların sərbəst, rahat hərəkəti, danışığı sübut edir ki, bu şəxslərə toxunulmayıb və sağlıqları üçün heç bir problem yoxdur.
“Məhkəmə zamanı ittiham edilən şəxslərə qarşı ciddi faktlar irəli sürülür, bunun qarşılığında isə ermənilər və onların havadarları uydurma, saxta məlumatlar yaymaqla məşğuldur”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün Ermənistan mediası və Qərb QHT-ləri, təşkilatları erməni canilər haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir: “Onlar ortaya qoyulmuş faktları təkzib etmək əvəzinə, olmayan məsələləri şişirtməklə məşğuldurlar. Guya onlara təzyiq göstərilir, zorla ifadə alınır, başları yarılır və s. Bunlara ehtiyac yoxdur. Azərbaycanda hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə qurulub. Məhkəmə zamanı ittiham edilən şəxslərə qarşı ciddi faktlar irəli sürülür. Bunun qarşılığında isə ermənilər və onların havadarları uydurma, saxta məlumatlar yaymaqla məşğuldur. Bu onların sonuncu çırpınışlarıdır. Çox desinlər ki, Vardanyanın başı dəmirlə sıxılıb və ya yarılıb. Ən azı, məhkəmə prosesi zamanı bu adama toxunulmadığı bəlli olur. Onlar dünya tarixində ikinci Nürnberq kimi tarixə düşən hadisəni unutdurmağa çalışırlar. Ancaq ədalət bərqarar olur və ermənipərəst qüvvələr istəsələr də, istəməsələr də bunu qəbul etməlidirlər”.
Günel CƏLİLOVA