Ukrayna prezidenti Vladimir Zelenski ötən həftə Ağ Evdə ABŞ prezidenti Donald Trampla mübahisəsi ilə bağlı açıqlama verib. Zelenski görüşün lazım olduğu kimi keçmədiyini, hadisələrin bu şəkildə inkişaf etməsindən təəssüfləndiyini bildirib və münasibətlərin yaxşılaşdırılmasına çağırıb.
O, sosial media hesabında Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Trampla işləməyə hazır olduğunu bildirib. "Ukraynanın sülhə sadiqliyini bir daha qeyd etmək istəyirəm. Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna davamlı sülh üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Heç kim ukraynalılardan çox sülh istəmir. Mən və komandam prezident Trampın güclü rəhbərliyi altında davamlı sülh üçün işləməyə hazırıq", - deyə Ukrayna lideri bildirib.
Zelenski müharibəni bitirmək üçün hərəkətə keçməyə hazır olduqlarını söyləyərək, birinci mərhələnin hərbi əsirlərin azad edilməsi, hava hücumlarına son qoyulması, enerji və digər mülki infrastruktura hücumların dayandırılması olduğunu bildirib. O, Rusiya şərtlərə əməl edərsə, dənizdə atəşkəs elan edə biləcəklərini deyib: "Biz bundan sonrakı bütün mərhələlərdə çox sürətli hərəkət etmək və güclü yekun razılaşma əldə etmək üçün ABŞ-la işləmək istəyirik".
Zelenski, ABŞ-ın Ukraynanın suverenliyini və müstəqilliyini qoruyub saxlamasına kömək etmək üçün etdiklərini həqiqətən qiymətləndirdiklərini deyib: "Prezident Trampın Ukraynaya “Javel”in (tank əleyhinə raketlər) verdiyi zaman işlərin dəyişdiyi anı xatırlayırıq. Buna görə minnətdarıq".
Fevralın 28-də Trampla ABŞ-da görüşünün gözlənildiyi kimi keçmədiyini bildirən Zelenski bundan təəssüfləndiyini deyib: “İndi hər şeyi qaydaya salmağın vaxtıdır. Biz gələcək əməkdaşlığın və ünsiyyətin konstruktiv olmasını istəyirik. Minerallar və təhlükəsizlik sazişinə gəlincə, Ukrayna bu sazişi hər zaman müvafiq formatda imzalamağa hazırdır. Biz bu sazişin təhlükəsizlik istiqamətində daha təsirli iş görəcəyinə zəmanət kimi baxırıq".
TAHİR