Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinın İrəvan ofisinin qarşısında Ruben Vardanyanın və Qarabağda cinayət törətmiş digər şəxslərin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. Ermənilər məlum aksiyanı keçirməklə BQXK-nın ofisinə təsir göstərməyə çalışır.
Onların BQXK-nə göstərdiyi təzyiq Vardanyanla bağlı məhkəmə prosesinə hər hansı bir təsir göstərə bilərmi?
Mübariz Göyüşlü: “Ermənistanın separatçılara dəstək vermək istəyi onların son çırpıntılarıdır, bu kimi addımlarla Azərbaycana təsir etmək mümkün deyil”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın separatçılara dəstək vermək istəyi onların son çırpıntılarıdır. Bu kimi addımlarla Azərbaycana təsir etmək mümkün deyil: “Azərbaycan burda haqlı tərəfdir. Bu adamların əli qana batıb, özləri də bunu məhkəmədə etiraf edir. 30 ildir biz haqlı olduğumuz halda beynəlxalq təşkilatlar, ictimaiyyət Azərbaycanı eşitmirdi. İndi həmin ədaləti özümüz bərpa edirik, ermənilərə isə bunu izləmək qalır. Nə qədər aksiya, çağırışlar etsələr də bizə heç bir təsiri olmayacaq”.
İlyas Hüseynov: “BQXK-nin İrəvan ofisinin qarşısında Ruben Vardanyan və digər cinayətkarların azadlığa çıxması ilə bağlı keçirilən aksiya tamamilə absurddur”
Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi müxtəlif məsələlərlə bağlı fərqli mövqeyi ilə seçilir: “Xankəndidə olan ofisdə hansı addımların atılması uzaq keçmişdə baş verməyib. Hazırkı reallıqda BQXK-nin İrəvan ofisinin qarşısında Ruben Vardanyan və digər cinayətkarların azadlığa çıxması ilə bağlı keçirilən aksiya tamamilə absurddur. Vardanyan və digərləri Azərbaycana qarşı misilsiz cinayətlər törədib və bu gün onların məhkəmə prosesi davam edir. Məhkəmə zamanı bir sıra faktlar, dəlillər üzə çıxır. Maraqlıdır ki, İrəvan məlum məhkəmə prosesi ilə bağlı əvvəl susqunluq nümayiş etdirirdisə, indi müxtəlif aksiyalar, fikirlər bildirilməkdədir. Bu addımlar bizdə belə təəssürat yaradır ki, Ermənistanda olan digər şəxslər də öz məsuliyyətini dərk edir, bilir ki, törədilən çoxsaylı cinayətlərdə onların da əli var. Bütün bunlar heç bir nəticə verməyəcək. Azərbaycanın siyası iradəsinə təsir etmək mümkün olmayacaq. Vardanyan da daxil olmaqla, məhkəməsi gedən bütün şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar”.
Günel CƏLİLOVA