Azər Həsrət: “Bugünkü Ermənistan Respublikası, əslinə qalsa, Azərbaycan torpağında qurulmuş kiçik bir dövlətdir”
Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini Ermənistanın İctimai Radiosuna müsahibə verib. Müsahibə zamanı, o cümlədən, Qərbi Azərbaycan məsələsinə də toxunulub.
Qeyd edilib ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən iki legitim reallıq var: öz sərhədləri daxilində beynəlxalq səviyyədə tanınan Ermənistan Respublikası və sərhədləri daxilində beynəlxalq səviyyədə tanınan Azərbaycan Respublikası və bu qədər.
Bununla da Fransanın Ermənistandakı nümayəndəsi Qərbi Azərbaycan mövzusunu danır.
“Fransız səfir öz ayıblarını örtməyə çalışsın, nəinki bizim bölgəmiz haqqında fikir bildirsin, qədim Azərbaycan tarixi bizə məxsusdur, kökümüzdür”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Fransanın Ermənistandakı nümayəndəsinin Qərbi Azərbaycanla bağlı fikirləri hüquq və qanun çərçivəsindədir. Ancaq onun dediyi məsələlər Qərbi Azərbaycanı yox saymaq üçün yetərli deyil: “Qərbi Azərbaycan olub, mövcuddur və olacaq. Çünki o torpaqlar hələ Rusiya Guney Qafqazı işğal edərkən Azərbaycana məxsus idi. Bugünkü İrəvan da daxil olmaqla, hazırda Ermənistan adlanan ölkənin ərazisi qədim Azərbaycan torpağıdır. Sonrakı mərhələdə Rusiya işğal dövründə Azərbaycana aid olan həmin torpaqlarda ermənilər üçün dövlət qurmağa başladı. Iş o həddə gəlib çatdı ki, 1918-ci ilin mayında Ermənistan müstəqil dövlət olaraq özünü elan etdi və paytaxt üçün şəhər tapa bilmirdilər. Belə olan halda Azərbaycan Xalq Cumhuriyyəti İrəvanı onlara güzəştə getdi. Yəni biz onlara o torpağı pay olaraq verdik. Əlbəttə bu, tarixi səhvdir. O azmış kimi, sonrakı mərhələdə Zəngəzur və Qərbi Azərbaycan torpaqları da Ermənistan adlı dövlətə güzəştə gedildi. Bugünkü Ermənistan Respublikası, əslinə qalsa, Azərbaycan torpağında qurulmuş kiçik bir dövlətdir. Azərbaycan dövlətinin həmin torpaqlara iddia etməsi üçün yetərincə əsasları var. Belə bir məqamda Fransa səfirinin öz kirli burnunu bilmədiyi bir mövzuya soxması düzgün deyil. Yaxşı olar ki, Fransa səfiri öz ölkəsinin hələ də müstəmləkəçilik siyasətinin davam etməsini tənqid etsin, müstəmləkə adı altında zülm edilən xalqlar haqqında fikir bildirsin. Fransız səfir öz ayıblarını örtməyə çalışsın, nəinki bizim bölgəmiz haqqında fikir bildirsin. Qədim Azərbaycan tarixi bizə məxsusdur, kökümüzdür”.
Günel CƏLİLOVA