Ramil Məmmədli: “Səfirin provokativ cavabı o deməkdir ki, Fransa Ermənistanı təxribata hazırlayır”
Fransanın Ermənistandakı səfiri Olivye Dekottinyi Ermənistanın İctimai Radiosuna müsahibə verib. Səfir müsahibəsində bir sıra məsələlərə toxunub.
Müsahibədə yanvarın 8-də Prezident İlham Əliyev verdiyi müsahibədə Ermənistandan tələbləri səsləndirilir. Prezident Əliyev bəyan edib ki, Fransa və Ermənistana silah verən digər ölkələr “bu müqavilələri ləğv etməli, Ermənistan silahlanma prosesini dərhal dayandırmalıdır”, “Ermənistana verilən silahlar geri qaytarılmalıdır”. Rəsmi Parisdən cavab necədir? Səfir buna cavabında praktik olaraq bildirib ki, silahlar geri alınmayacaq: “Parisin rəsmi mövqeyi ondan ibarətdir ki, Ermənistanla müdafiə sahəsində əməkdaşlıq davam edir. Və eyni məqsədlə davam edir - Ermənistana öz ərazisini, əhalisini və suverenliyini qorumağa kömək etmək”.
Fransanın bu absurd və inkarçı mövqeyi bölgədəki sülh prosesinə, regiondakı hərbi vəziyyətə necə təsir edir?
“Parisin məqsədi regionda qeyri-sabitlik yaratmaq və bu vasitə ilə həyata keçirilən meqa tranzit layihələri pozmaqdır”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bunun siyasi və hərbi vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü bildirdi: “Onsuz da Fransanın Cənubi Qafqazda apardığı destruktiv siyasət ortadadır. Fransa Azərbaycanın işğala son qoymasını, ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir. Çünki Fransa uzun illər Ermənistanın işğal siyasətini gizli formada dəstəkləyirdi. Düzdür, Fransa açıq formada bunu bəyan etmirdi, amma ATƏT-in Minsk Qrupunun üzvü olaraq rəsmi Parisin apardığı siyasət Azərbaycanın işğalla barışmasına xidmət edirdi. Hesab edirdilər ki, gec-tez Azərbaycan bununla barışmalı olacaq. Ancaq məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi və onun doğurduğu nəticələr Fransanın bütün məkrli planlarını darmadağın etdi. Biz unutmamalıyıq ki, Fransa 5 dəfə BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə cəhd edib, amma alınmadı. Ancaq görəndə ki, bütün bunlar bir nəticə vermir, bu zaman Ermənistanın silahlandırılmasına ağırlıq verməyə başladı. Bu gün Fransa açıq formada Ermənistanı hücum silahları ilə silahlandırır. Təkcə müdafiə xarakterli silahlar versəydi, o zaman məqsədin Ermənistanın müdafiəsinin gücləndirilməsi olduğunu düşünmək olardı. Ancaq biz görürük ki, bu belə deyil. Fransanın Ermənistanı hücum silahları ilə silahlandırması Cənubi Qafqazda növbəti eskalasiya törətmək məqsədi güdür. Səfirin provokativ cavabı o deməkdir ki, Fransa Ermənistanı təxribata hazırlayır. Fransa üçün bunun Ermənistana baha başa gələcəyinin heç bir əhəmiyyəti yoxdur. Parisin məqsədi regionda qeyri-sabitlik yaratmaq və bu vasitə ilə həyata keçirilən meqa tranzit layihələri pozmaqdır. Onların çirkin planı əsasən bununla bağlı ola bilər”.
Vidadi ORDAHALLI