ABŞ-ın 2023-cü ildə Ukraynaya verdiyi 31 “Abrams” tankından 19-u ya məhv edilib, ya zədələnib, ya da ruslar tərəfindən ələ keçirilib.
“The New York Times”ın yüksək vəzifəli Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, tankların çoxu, xüsusən də Rusiya pilotsuz təyyarələri tərəfindən sıradan çıxarılıb. Mənbələrin məlumatına görə, qalan Abrams tanklarının demək olar ki, hamısı cəbhə xəttindən çıxarılıb.
Ukrayna hərbi rəsmiləri və səlahiyyətliləri bildirirlər ki, pilotsuz təyyarələr bu gün snayper tüfəngləri, tanklar, haubitsalar və minaatanlar da daxil olmaqla bütün adi silahlardan daha çox əsgər və zirehli texnikanı məhv edib.
Ukraynanın 2024-cü ildə 1 milyondan çox pilotsuz uçuş aparatı istehsal etdiyi halda, Rusiyanın müdafiə naziri Andrey Belousov bildirdiyinə görə, Rusiyada gündə 4 min pilotsuz təyyarə istehsal edilir. Qəzet yazır ki, hər iki tərəf 2025-ci ilə qədər bu rəqəmi ildə 3-4 milyona çatdırmağı hədəfləyir.
TAHİR