İsrailin baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyadakı rolunu neytrallaşdırmaq üçün hərəkətə keçib. Netanyahu bu məqsədlə hərbi katibi Roman Qofmanı Moskvaya göndərib.
Bildirilir ki, Netanyahu Ankaranın Suriyadakı təsirini neytrallaşdırmaq üçün Rusiyanın Suriyadakı hərbi mövcudluğunu qoruyub saxlamasını istəyir. Qofmanın “gizli” görüşlər üçün Moskvaya göndərilməsində məqsədlərdən biri də məhz bu məsələni müzakirə etməkdir.
“Yedioth” qəzetinin məlumatına görə, İsrail Suriyanın “zəif” qalmasını istəyir, bölgədə dominant güc olan Türkiyəyə qarşı isə Rusiyanı dəstəkləyir.
Qofmanın Moskva səfərinin məqsədinin iki ölkə arasında təhlükəsizliklə bağlı əməkdaşlığı gücləndirmək olduğu bildirilən xəbərdə qeyd edilir ki, o, bu yaxınlarda analoji məqsədlərlə başqa ölkələrə də “gizli” səfərlər edib.
"İsrail faktiki olaraq açıq şəkildə tərəf seçir. Netanyahu türkləri yox, rusları seçir və mahiyyət etibarı ilə Ankaranı Suriyadan çıxarmağa çalışır", - deyə qəzet yazır.
TAHİR