Mübariz Göyüşlü: “Azərbaycanda həbsdə olan erməni canilər qanunun tələblərinə uyğun olaraq mühakimə olunur, onların heç birisinin burnu belə qanamayıb”
XX əsrin əvvəllərindən xalqımızın başına gətirilən soyqırımı hadisələri ermənilərin vəhşiliyini dünyaya nümayiş etdirdi. Erməni xisləti heç zaman dəyişməyib, belə getsə, dəyişməyəcək də.
Qeyd edək ki, Azərbaycan dəfələrlə məsələ qaldırsa da, beynəlxalq təşkilatlarla müzakirə aparsa da, Ermənistan 1988-ci ildən bu yana hərbi əsirlərlə və girovlarla qeyri-insani davranış, işgəncə və ləyaqəti alçaldan davranışların, cinayətlərin araşdırılması yönündə heç nə etməyib. Ancaq hər yerdə yalan məlumatlar yayırlar ki, guya Bakıda məhkəməsi gedən şəxslərlə qanunsuz davranışlar var. Hətta prosessual qanunlar pozulur, guya onlara lazımı şərait yaradılmır və sair. Maraqlıdır, Ermənistan hərbi əsir və girovlarla vəhşi davranışların belə əleyhinədirsə, indiyə kimi azərbaycanlı əsirlərə göstərilən vəhşi davranışın Ermənistan tərəfindən araşdırılmamasının səbəbi nədir? Üstəlik, bəzi beynəlxalq qüvvələrin Ermənistana verdiyi dəstək bu işdə nə qədər ziyanlı rol oynayır?
“Beynəlxalq təşkilatlar da bununla bağlı Ermənistana heç nə demir, bütün bunlar onların ölkəmizə qarşı qərəzli olmasından xəbər verir”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a şərhində bildirdi ki, beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycana qarşı qərəz nümayiş etdirir: “Xocalı faciəsi, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan əhalisinin başına gətirilən vəhşiliklərə, hadisələrə həmin beynəlxalq təşkilatlar lazımi reaksiya vermədi. Erməni vəhşiliyi ilə bağlı az da olsa məlumatlar, xəbərlər oldu, biz onlara minnətdarıq. Ancaq qlobal səviyyədə, kompleks və sistemli olaraq dünyanın gözü qarşısında baş verən soyqırıma layiqli cavab verilmədi. Azərbaycanda həbsdə olan erməni canilər qanunun tələblərinə uyğun olaraq mühakimə olunur. Onların heç birisinin burnu belə qanamayıb, hətta onların özləri belə bunu dəfələrlə etiraf ediblər. Buna baxmayaraq ermənilər hələ də itkin düşmüş şəxslərin taleyi ilə bağlı bizə doğru məlumat vermir. Beynəlxalq təşkilatlar da bununla bağlı Ermənistana heç nə demir. Bütün bunlar onların ölkəmizə qarşı qərəzli olmasından xəbər verir”.
Güneı CƏLİLOVA