Xaqani Cəfərli: "Tramp özünü Tanrının yer üzündəki səlahiyyətli nümayəndəsi kimi hiss edə bilər, amma imzaladığı bütün sazişlər Senatın təsdiqindən keçməlidir"
NBC mənbələrə istinadən xəbər verir ki, Moskva Trampa Ukraynanın Donetsk və Zaporojye vilayətlərindəki bəzi mineral ehtiyatların ABŞ-ın mülkiyyətinə keçməsini təklif edib.
"NBC News" bu barədə fevralın 26-da adı açıqlanmayan iki amerikalı məmura və başqa bir məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Kanalın mənbələrinə görə, Rusiya prezidenti Vladimir Putinin baş köməkçiləri Səudiyyə Ərəbistanında keçirilən görüşdə Tramp administrasiyasının nümayəndələri ilə yuxarıdakı fikri müzakirə ediblər.
Jurnalistlər regionda təcrübəsi olan keçmiş amerikalı diplomatdan sitat gətirirlər: “Tramp tranzaksiya oyunçusudur, ona görə də Putin bunu başa düşərək belə bir əks addım atdı”. Bu mənbənin sözlərinə görə, Rusiya həm Trampın Ukraynanın təbii sərvətlərində maraqlı olduğunu, həm də Zelenskinin sövdələşmənin ilkin variantını imzalamaqdan imtina etməkdə tərəddüd etdiyini açıq şəkildə gördü.
Donald Trampın bu kəşfiyyatının sonu nə ilə bitə bilər? ABŞ Rusiya, yoxsa Ukrayna ilə razılaşmaya daha yaxındır?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirdi ki, Tramp özünü Tanrının yer üzərindəki səlahiyyətli nümayəndəsi kimi hiss edə bilər, amma imzaladığı bütün sazişlər Senatın təsdiqindən keçməlidir: "Nadir torpaq metallarının və bütövlükdə faydalı qazıntıların hasilatı ilə bağlı kiminlə anlaşmasının taleyi də Senatdan asılıdır. Nümayəndələr Palatası və Senatda səslənən fikirlər, respublikaçı qanunvericilərin demokratlarla birlikdə hərəkət etməsi Trampın prezidentliyinin asan olamayacağından xəbər verir. Ona görə də Rusiyaya yönəlik siyasətinin birinci prezidentliyi dövründə olduğu kimi ciddi nəticələr doğurmayacağını ehtimal edirəm. Birinci prezidentliyi dövründə də Rusiya və Putinə yönəlik çox isti ifadələr işlətmişdi. Ancaq Rusiyaya qarşı ilk dəfə sərt sanksiya tətbiq edilməsi də, Ukraynaya ciddi dəstək verilməsi də Trampın birinci prezidentliyi dövründə baş verib. Hadisələrə qiymət verilərkən bunlar mütləq nəzərə alınmalıdır".
Dəniz NƏSİRLİ