Donald Trampla bağlı şok iddia ABŞ-da böyük səs-küyə səbəb olub. Belə ki, Qazaxıstan kəşfiyyatının keçmiş rəhbəri Elnur Musayev Trampın 1987-ci ildə Moskvaya ilk səfəri zamanı KQB tərəfindən ələ alındığını iddia edib.
İddialara görə, Trampın 40 yaşında daşınmaz əmlak maqnatı kimi Sovet İttifaqına səfəri adi işgüzar səfər olmayıb. Musayev Trampın KQB tərəfindən xüsusi olaraq izlənildiyini, onun hər bir hərəkətinin qeydə alındığını və Moskvada otel açmaq arzusunu həyata keçirmək üçün sovet rəsmilərinə rüşvət verməsinin qeydə alınmış ola biləcəyini iddia edib.
Fransada yaşayan keçmiş DTK zabiti Sergey Jirnov da iddiaları təsdiqləyib. O, ukraynalı jurnalistə müsahibəsində deyib ki, Tramp Moskvada KQB agentləri tərəfindən 24/7 nəzarət altında olub.
Jirnov bildirib ki, Tramp "bal tələsinə" cəlb edilərək və ya biznes sövdələşmələri ilə manipulyasiya edilərək KQB ilə əməkdaşlığa cəlb edilə bilər.
Vaşinqtonda yaşayan keçmiş KQB mayoru Yuri Şvets də əvvəllər oxşar iddia ilə çıxış edib. Şvets Trampın sovet agentləri tərəfindən manipulyasiya edildiyini və bilmədən KQB-yə xidmət etdiyini iddia edib.
Qazaxıstan kəşfiyyatının keçmiş rəhbəri Musayev bəyan edib ki, Trampla bağlı bütün sənədlər Putinin əlindədir və bu səbəbdən o, heç bir sübut təqdim edə bilməz.
Tramp və tərəfdarlarınıbn bu iddiaları kəskin şəkildə rədd etməsinə baxmayaraq, bəzi ekspertlər Trampın Rusiya ilə keçmişdəki əlaqələrini daha detallı araşdırmağa çağırıblar.
Onu da vurğulayaq ki, ABŞ-da 2024-cü il seçkilərindən sonra milli təhlükəsizliklə bağlı narahatlıqlar bu kimi iddiaların daha çox gündəmə gəlməsinə səbəb olub.
TAHİR