Ərdoğanın Zəngəzur dəhlizi açıqlamasına İrandan reaksiya verilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani deyib ki, Qarabağla bağlı mövqeyimiz əvvəldən aydın idi: “İşğal olunmuş bu torpaqların Azərbaycana qaytarılmasını dəstəkləyirik”
O, Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiya kanallarının inkişafının tərəfdarıyıq. Amma eyni zamanda vurğulayırıq ki, beynəlxalq sərhədlərin və geosiyasi dəyişikliklərin əleyhinəyik. Bununla bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Əminik ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir”.
Xatırladaq ki, Ərdoğan yolun İrandan keçə biləcəyini demişdi. İran rəsmisinin açıqlamasında heç razılıq notları seçilmir. Ancaq yolun açılmasının mümkünsüzlüyündən danışılır. İranın bu mövqeyini necə şərh etmək olar?
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranın Qarabağla bağlı mövqeyi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşması, əlbəttə, təqdirəlayiqdir: “Amma təəssüf ki, konkret olaraq Zəngəzur dəhlizinə gəldikdə, biz İranın birmənalı mövqeyini görmürük. İran nədənsə Zəngəzur dəhlizinin açılmasını Ermənistana təhdid kimi qələmə verir, bu layihənin Ermənistanın ərazi bütövlüyünə qarşı yönəldiyini bildirir. İran XİN sözçüsünün son açıqlamasından belə çıxır ki, İran Zəngəzur dəhlizini beynəlxalq sərhədlərin dəyişiklikliyi kimi qiymətləndirir. Əslində isə bu fikir kökündən yanlışdır. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı yönəlmiş heç bir planı yoxdur. Zəngəzur dəhlizi layihəsi təkcə region deyil, beynəlxalq əhəmiyyətli layihədir. Təbiidir ki, bu dəhlizin imkanlarından dünya ölkələri yararlanacaq. Xüsusilə də Azərbaycan, hətta Ermənistan. Ermənistan böyük iqtisadi dividendlər qazanacaq. Ona görə də İran və ya digər qızışdırıcı mövqe tutan ölkələr narahat olmasınlar. Aydın məsələdir ki, İran da bölgədəki projelərdən yararlanmaq istəyir. Beynəlxalq tranzit imkanlarından qazanc əldə etməyə can atır. Bu səbəbdən Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsini müxtəlif bəhanələrlə əngəlləməyə cəhd edir. Bunu İrəvan da yaxşı anlayır, çünki İran oyunu açıq oynayır. Buna görə də Ermənistanın hərbi siyasi rəhbərliyi böyük tarixi şansdan düzgün istifadə etməlidir. Bu şansı onlara Azərbaycan verir. Ümid edək ki, Ermənistan rəhbərliyi nəhayət özündə cəsarət tapıb müstəqil qərar qəbul edəcək və Zəngəzur dəhlizinin açılması tezləşəcək”.
Əslində, İran elitası Zəngəzur dəhlizinin inkişafının dörd əsas səbəbə görə ölkənin geoiqtisadi dəyərini aşağı salacağından narahatdır. Birincisi, Tehran Azərbaycan ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında əsas əlaqə olmaq xüsusiyyətini itirəcək. İkincisi, İran Türkiyə ilə Mərkəzi Asiya arasında birləşdirici rolunu itirəcək. Üçüncüsü, İran Avrasiya İqtisadi Birliyi (AİB) ilə birləşmə nöqtəsini itirəcək. Dördüncüsü, Rusiya-Ukrayna müharibəsindən sonra Orta Dəhlizin strateji dəyəri artdıqca, Zəngəzur dəhlizi İranın Şərq və Qərb arasında nəqliyyatda mərkəzi rolunu daha da azaldacaq.
Məhəmmədəli QƏRİBLİ