Rusiyanın müvəqqəti işlər vəkili Vladimir Ladanov Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb .
"Hindustan Times" qəzetinin verdiyi məlumata görə, Hindistan, Rusiyanın Ukrayna sahillərində ticarət gəmisinə hücumunu "birmənalı şəkildə pislədiyini" bildirmək üçün yüksək vəzifəli bir rus diplomatını nazirliyə çağırıb. Odessa yaxınlığında baş verən hücum nəticəsində dörd hindistanlı heyət üzvü də daxil olmaqla 10 nəfər həlak olub.
Bu, Rusiya-Ukrayna münaqişəsində hind dənizçilərinin ilk ölüm faktıdır. Ladanov Rusiya səfiri Yeni Dehlidə olmadığı müddətdə çağırılıb.
Hindistan tərəfi vurğulayıb ki, "bu cür hücumlar beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini, etibarlılığını və sabitliyini sarsıdır".
Diplomata "ticarət gəmilərinin atəşə tutulması və nəticədə günahsız mülki şəxslərin ölümünün qəbuledilməz olduğu və dayandırılmalı olduğu barədə ciddi narahatlıqlarını Rusiya hakimiyyətinə çatdırmaq" tapşırılıb.
Tahir TAĞIYEV