Naxçıvan Muxtar Respublikasında indi-indi aşkarlanır ki, ötən 20-25 il ərzində saysız-hesabsız insanların xüsusi mülkiyyətində olan əmlakları zorakılıqla əllərindən alınıb, heç bir sənədləşmə işi aparılmayıb.
Onlara kompensasiya ödənilməyib. Kiçik çayxanalardan tutmuş, böyük obyektlərə qədər insanların əmlakı orta əsr feodal üsullarla onların əlindən alınıb. Buna etiraz edənləri hədələyiblər, qorxudublar. Onları şantaj edib dolaşdırıblar. Muxtar Respublikanın güc orqanları isə bütün bu illər ərzində Talıbov rejiminin əlində bir şəxsi cəza alətinə çevrilib. Polisdən tutmuş DTX-ya qədər bütün qurumlar.
O baxımdan insanların əmlakının belə zorakı şəkildə əllərindən alınması artıq bir faktdır. Ona görə də ordakı vətəndaşlarımızın həmin əmlaka görə kompensasiya alması necə mümkün ola bilər? Bunun əvəzini Vasif Talıbovun müsadirə olunmuş əmlaklarının hesabına insanlara ödəmək mümkündürmü? Bunu hansı mexanizmlər əsasında həyata keçirmək olar ki, dəymiş zərər Talıbovun əmlakları hesabına ödənilsin?
“Daha sonra o hərraca çıxarılmalı və sahibkarlara, vətəndaşlara dəymiş zərər ödənilməlidir”
Məsələyə münasibət bildirən hüquqşünas Şəmsəddin Əliyevin fikrincə, prinsipcə, Talıbovun əmlakını müsadirə etməklə insanlara dəyən zərəri ödəmək mümkündür: “Bu çox ciddi, aktual və həm də problemli məsələdir. Əvvəla, Azərbaycan beynəlxalq miqyasda son 10 il ərzində böyük nüfuza malik, hüquqi islahatların keçirildiyi bir dövlət kimi qəbul olunur. İndiki halda hüquqi dövlətin regionlarında bu şəkildə özbaşınalıq, hüququn aliliyinə hörmətsizlik, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək insanların əmlakının qəsb olunması yolverilməzdir. Talıbova etimad göstərilsə də, o bundan öz şəxsi maraqlarını təmin etmək üçün sui-istifadə edib. Faktiki olaraq vətəndaşların əmlakını qarət etməklə məşğul olublar. Özbaşınalıqların həddi-hüdudu yoxdur. Ona görə də bütün bunlarla bağlı hüquqi çərçivədə ölçü götürülməlidir. Məlum olduğu kimi, Naxçıvanda güc strukturlarının qurumları fəaliyyət göstərir. İndiyə qədər Talıbov həmin qurumların bütün bunlarla bağlı müvafiq addımlar atmasına imkan verməyib. Sözügedən qurumların hərəkətsizliyi üzündən Naxçıvanda belə qanunsuzluqlar baş verib. Talıbov zorla sahibkarların əmlakını əlindən alaraq onların hüquqlarını pozub. O baxımdan hesab edirəm ki, bütün bu məsələlər yenidən araşdırılmalıdır. Hüquqi müstəvidə dəymiş zərərin kompensasiya edilməsi ilə bağlı konkret tədbirlər görülməlidir. Çünki Cinayət Məcəlləsində bununla bağlı konkret maddələr var. Ona görə ki, burada qəsdən törədilmiş bir neçə cinayətin əlaməti var. Soyğunçuluq, vəzifədən sui-istifadə halları, rüşvətxorluq var. Öz şəxsi maraqlarına üstünlük verən korrupsiya əməlləri var, cinayəti bilib gizlətmək var. Cinayət yolu ilə əldə edilmiş əmlaklar var. Bütün bunların da başında Talıbov durub. Ona görə də burada hüquq-mühafizə orqanları üçün kifayət qədər böyük meydan var ki, prosessual addımlar həyata keçirilsin. Hesab edirəm ki, Talıbovun qanunsuz yolla əldə etdiyi əmlaklara məhkəmə yolu ilə həbs qoyulmalıdır. Daha sonra o hərraca çıxarılmalı və sahibkarlara, vətəndaşlara dəymiş zərər ödənilməlidir. Yəni dəymiş maddi və mənəvi ziyan məhkəmə yolu ilə ödənilə bilər. Zərər görmüş şəxslər kollektiv şəkildə müraciət etməlidir. Ona görə də bu məsələ həll edilməlidir. Əks halda, insanların qanuna inamı sarsıla bilər”.
Bir sözlə, hüquqşünas hesab edir ki, sözügedən məsələnin hüquqi perspektivi var.
Vidadi ORDAHALLI