Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik:
“Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır”.
Göründüyü kimi, ölkə başçısı çox böyük və tarixi məsuliyyətli bir işə məhz dövlət səviyyəsində start verildiyini bəyan edib.
Prezidentin irəli sürdüyü bu təşəbbüslə bağlı əslən qərbi azərbaycan regionunu təmsil edən şəxslərdən biri olan və ölkə başçısı ilə son görüşdə iştirak etmiş millət vəkili Fəzail Ağamalının mövqeyini öyrəndik. O, “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, ölkə Prezidenti bir qayda olaraq doğum günlərini millətimizin və dövlətimizin olduqca ciddi, aktual olan məsələləri ilə əlaqələndirərək qeyd edir: “Builki doğum günü də bu baxımdan istisnalıq təşkil etmədi. Həqiqətən çox önəmli, ciddi mahiyyət kəsb edən qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmasına vaxt ayırdı. Həmin ərazidən olan bir qrup ziyalılarla önəmli görüş keçirdi. Çox səmimi görüş oldu. Cənab Prezident olduqca ciddi məqamlara, strateji məsələlərə önəm verdi. Həm tarixi baxımdan, həm də haqqa, ədalətə söykənən reallıq baxımından qərbi azərbaycanlıların doğma ata - baba yurdlarına, tarixi torpaqlarımıza qayıdışının zəruriliyini tarixi arqumentlərlə əsaslandırdı. Konseptual olaraq qarşıda duran vəzifəni həyata keçirməsi üçün lazım olanları da qeyd etdi. Onların içərisində ciddi bir konsepsiyanın hazırlanması da vardı. Bu, əlbəttə Qeyri Hökümət Təşkilatı, hər hansı siyasi partiyanın təşəbbüsü ola bilərdi. Ancaq belə sənəd cənab Prezidentin hədəflədiyi səviyyədə hazırlana bilməzdi. Ona görə də təsadüfi deyil ki, cənab Prezident bunu bütövlükdə söylədi ki, biz bunu hazırlayacağıq. Yəqin ki, Qərbi Azərbaycan icması da bu prosesdə rahat iştirak edəcək. Heç şübhəsiz, bu millətin problemi olduğuna görə, müzakirələr zamanı hər birimiz, bütün Qeyri Hökümət Təşkilatlarl, ayrı - ayrı siyasi partiyalar da bu konsepsiyayla bağlı fikirlərini də ifadə edə bilər. Məqsədə, hədəfə xidmət edən təkliflər olarsa, bu da konsepsiyaya salına bilər. Bu, əlbəttə cənab Prezidentin böyük çağırışıdır. Bu çağırış bütün millətimizə ünvanlanan çağırışdır. Təkcə qərbi azərbaycanlılar deyil, bütövlükdə millətin üzərinə düşən vəzifədir. Qarabağ məsələsi bu gün həllini taparaq millətin bir hədəfi oldu. Dövlət başçımızın rəhbərliyi altında bu vəzifə yerinə yetirildi. İndi Cənubi Azərbaycan məsələsi gündəmdədir. Bu da bütövlükdə millətimizin üzərinə düşən tarixi bir missiyadır. O cümlədən Qərbi Azərbaycana qayıdış da hədəfimiz, vəzifəmiz hesab olunur. Həmçinin stareteji məqsəd olduğuna görə düşünürəm ki, cənab Prezidentin bu çağırışından, məsələyə hərtərəfli yanaşmasından, xüsusilə də yaranmış olan Qərbi Azərbaycan İcmasının fəallığından sonra bu ideya güclənəcək və genişlənəcək. Yaxın zaman kəsiyində həmin konsepsiya işlənib hazırlanacaq. Buna uyğun olaraq da millətimiz qərbi azərbaycanlı vətəndaşlarımızın ora qayıtması uğrunda ümumxalq mübarizəsinin içərisində yer alacaq”.
Məhəmmədəli QƏRİBLİ