Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüş zamanı Prezident İ.Əliyev mühum bəyanatlar verib. O cümlədən qərbi azərbaycanlılarla bağlı fəaliyyətin daha məqsədyönlü olması müzakirə edilib.
Dövlət başçısı qeyd edib ki, bu gün fərdi qaydada fəaliyyət göstərən, məsələn, qəzet redaksiyaları, ictimai birliklər artıq bir yerə yığılmalıdır: “Necə ki, Qərbi Azərbaycan İcması yaradıldı, o vaxta qədər də ayrı-ayrı qurumlar var idi, ictimai təşkilatlar var idi, qeyri-hökumət təşkilatları var idi, bizim tövsiyəmizlə artıq bir yerə cəmləşdi və bu, daha məqsədyönlü fəaliyyət olacaq. O cümlədən bütün informasiya resursları - qəzetlər, informasiya portalları, mən dediyim kimi, rəqəmsal platforma və sair məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır. İndi Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək, biz ikinci Böyük Qayıdış Proqramını da işləyəcəyik”.
Qeyd edək ki, vaxtilə Qərbi Azərbaycan və ya qərbi azərbaycanlılarla bağlı media orqanları olub. Maraqlıdır, qərbi azərbaycanlılarla bağlı informasiya resurslarının birləşməsi yönümündə hansı addımlar atılmalıdır? Bu istiqamətdə hansı işlər görülməlidir?
Alqış Həsənoğlu: “Qərbi Azərbaycanla media resurslarının pərakəndə şəkildə deyil, mərkəzləşmiş qaydada fəaliyyət göstərməsi daha məqsədəuyğundur”
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qərbi azərbaycanlılarla bağlı informasiya resursunun birləşməsi üçün tədbirlər planı hazırlanmalıdır. Həmin tədbirlər planında Qərbi Azərbaycan İcmasının inzibati binasında səslənən və səslənməyən təkliflər yer alacaq: “Qərbi Azərbaycan İcmasının fəaliyyətinə uyğun müəyyən planlar, işlər görülməlidir. Görüləcək işlərlə bağlı layihələr hazırlanıb, cənab Prezidentə təqdim edilməlidir”.
Həmsöhbətimiz Prezident İlham Əliyevin bu ideyasına da tam dəstək verdi ki, qərbi azərbaycanlılarla bağlı xüsusi informasiya portalı yaradılmalıdır: “Məlumdur ki, bu gün Qərbi Azərbaycanla bağlı pərakəndə şəkildə qəzetlər fəaliyyət göstərir. Həmin media resurslarının pərakəndə şəkildə deyil, mərkəzləşmiş qaydada fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı. Bu sahə ilə bağlı təkliflər müzakirə edildikdən sonra vahid proqram qəbul ediləcək”.
Hikmət Babaoğlu: “O torpaqlara qayıtmağımız üçün hüquqi, informativ mühit formalaşdırılmalıdır”
Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, hər şeydən öncə biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq: “Qərbi Azərbaycanda əcdadlarımızın yaratdığı maddi-mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarının Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən ermənilərə necə verildiyini beynəlxalq aləmə çatdırmaq lazımdır. Həmçinin, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu da bütün dünyaya çatdırmalıyıq. O torpaqlara qayıtmağımız üçün hüquqi, informativ mühit formalaşdırılmalıdır. Bununla bağlı lazımi işlər görüləcək. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu da əsaslandırdı”.
Günel CƏLİLOVA