"Bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir". Bunu Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
Prezident İ.Əliyev çıxışında qeyd edib ki, müəyyən dövrdə kitablar, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab dərc edilib: “Siz o kitabın müəllifisiniz. Mən onu görmüşəm, amma onu Azərbaycanda çox adam görməyib. Yəni, siz təşəbbüs olaraq bunu, imkanınız çatan tərzdə özünüz etdiniz. Biz bunu dövlət səviyyəsində etməliyik, o kitabça bütün dillərə tərcümə edilməlidir. Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin. Çünki bu gün Ermənistan monodövlətdir. Biz bunu deyəndə, haqlı olaraq dünya ictimaiyyətinə bildiririk ki, bu, dözülməzdir”.
“Azərbaycan tarixi adı altında yazılmış kitablar Sovetlər Birliyinin maraqlarına hesablanaraq yazılıb”
Tarixi kitabların yenilənməsinin əhəmiyyəti haqqında danışan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Sovet dönəmində yazılmış tarixi kitabları həqiqətən dəyişilməlidir: “Biz bu barədə öz fikrimizi dəfələrlə qeyd etmişik. Azərbaycan tarixi adı altında yazılmış kitablar Sovetlər Birliyinin maraqlarına hesablanaraq yazılıb. Bütün hallarda Azərbaycan tarixi təhrif edilib. Qədim, orta və yeni dövr tarix təhrif edilmiş formada yazılıb. Çox təəssüflər olsun ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da bu kimi təhriflər davam etməkdədir. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun ortaya qoyduğu 7 cildlik tarix kitabında da təhriflər mövcuddur. İdeoloji yanaşma fərqli qoyulub. Belə ki, Azərbaycan dövlətləri Qacarlar, Səfəvilər, Əfşarlar onların hökmdarlarının münasibəti, işğalçı kimi qələmə verilməsi qəbuledilməzdir. Eyni zamanda, qədim dövrdə Azərbaycan türkləri ilə bağlı məlumatlar saxtalaşdırılıb. Azərbaycan xalqının kökü iran dilli, hansısa naməlum qafqaz dillilərə bağlanır. Bu isə yanlışdır. Xüsusən də, Sovetlət Birliyi dönəmində Azərbaycan Xalq Cumhuriyyətinin tarixi,qurucularına qarşı münasibət saxta şəkildə ifadə olunub. Güney Azərbaycana qarşı ciddi şəkildə təhrif olunub”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan tarixi ilə bağlı məsələlər yenidən işlənməlidir. Bu məsələyə münasibət milli şüur kimi baxılmalıdır. Azərbaycan tarixi yenidən işlənib, ortaya qoyulmalıdır.
Tarixçi alim hesab edir ki, Azərbaycan tarixi yeni formada işlənərkən diqqətli olmaq lazımdır. Milli məsələlərin obyektivliyi ciddi şəkildə incələnməlidir. Azərbaycan xalqının milli mənafeyi və onun qürunu yüksək səviyyədə təqdim edilməlidir.
Günel CƏLİLOVA