Muxtar Respublikanın ictimai həyatı üzərində "Talıbov və onun klanının" xofi götürülsə də, dövlət məmurları ordusunun başı üzərində başqa xof dolaşır.
Gömrükdə, Arxitektura idarəsində, Maliyə Nazirliyində və başqa idarələrdə aparılmış yoxlama və həbslərdən sonra hər bir iri məmur səhər tezdən kabinetinin qapısını "indi gələr, bir azdan gələr" xofu ilə açaraq axşam evinə gedənə qədər "maskalıların" gəlib onu aparacağı anları gözləyir. Beləcə, hər gün iri məmurların illər boyu keçirdiyi ləzzətli həyatın dadı burunlarından tökülür.
Hər məmur növbəti yoxlamanın onun təşkilatında keçiriləcəyinə özünü hazırlamağa çalışır.
Əldə etdiyimiz məlumata görə növbəti əməliyyatların biri Dövlət Vergi Xidmətində keçiriləcək. Naxçıvanda camaat danışır ki, verginin indiyədək ədalətli cəzadan niyə kənarda qaldığına təəccüb edirik. İnsanlar hesab edir ki, 27 ildə muxtariyyatın dövlət və ictimai əmlakının amansızcasına talan edildiyi sistemlərin biri məhz Vergilər Nazirliyi olub. Hətta belə bir fikir işlədilir - digərləri dövlətin əmlakını dağıdıb, vergiyığanlar həm də vətəndaşları talan edirdi.
İnsanların əyin-başına baxıb vergi qoyurdular. İri biznesmenlər ancaq Talıbov klanının üzvləri idi. Sadə insanlara xırda-xuruş işlər qalırdı, onun da qazancının böyük hissəsini vergi məmurları Vasif Talıbov üçün toplayırdılar.
Mənbələr əvvəlki vergi nazirinin məhz Vasif Talıbovun özü tərəfindən illər öncə cəzalandırıldığını, bir neçə gün xüsusi şəraitdə saxlanıldığını və lazımı qədər haqq alındıqdan sonra buraxıldığını deyir. Lakin hazırkı Vergi nazirinin şəxsən Talıbov klanının pul kisəsi rolu oynadığı deyilir.
Deyilənə görə, muxtariyyatın bəzi vergi məmurları artıq ilkin "yoxlamadan" keçiriliblər və yaxın günlərdə DTX həbslərə başlayacaq.
Mövzunu izləyəcəyik…
Əli QARAXANOV