“Azərbaycan Naminə Alyans Partiyası ermənilərin və onların xarici havadarlarının Qarabağda törətdikləri ekoloji terrorun qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Bəyanat yayıb. Bəyanatda deyilir:
“Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının son günlər Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir.
Məlum olduğu kimi, cari ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub.
Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə Rusiya sülhməramlıları tərəfindən maneçilik törədilib və bütün bunlar, Azərbaycan xalqının haqlı etirazına səbəb olub.
Azərbaycan ictimaiyyətinin müxtəlif hissələrini təmsil edən vətəndaşlarımız ermənilərin və daim onların yanında yer alan Fransa və İran kimi dövlətlərin Qarabağda törətdikləri qanunsuzluqlara qarşı kəskin etirazlarını bildirmiş və bu qanunsuz hərəkətlərə son verilənə qədər etiraz tədbirini davam etdirəcəklərini bəyan etmişlər.
Azərbaycan Naminə Alyans Partiyası vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının son günlər Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasını dəstəklədiyini, bu tədbirlərdə aktiv iştirak etmək istəyini bəyan edir və vətəndaşlarımızı bu gərgin günlərdə Azərbaycan hakimiyyətinin ətrafında birləşməyə,ona əlindən gələn dəstəyi göstərməyə çağırır.
Abutalıb SƏMƏDOV
Azərbaycan Naminə Alyans Partiyasının sədri”