Erməni separatçıların sülhməramlıları öz tərəflərinə çəkmək cəhdləri uğursuzluğa düçar olub. Erməni mediasının yaydığı məlumata görə, Rusiya sülhməramlılarının rəhbərliyi Qarabağ separatçıları ilə Laçın yolunda vəziyyəti müzakirə etməkdən imtina edib.
Belə ki, general-mayor Andrey Volkov "təhlükəsizlik şurasının" rəhbəri Vitali Balasanyan və "Qarabağ parlamentinin deputatları" ilə danışmaqdan imtina edib: “Rusiya sülhməramlıları deyiblər ki, danışıqlar olmayacaq, bu, həm də azərbaycanlıların tələbidir. Onlar bildiriblər ki, problem siyasi həll tələb edir və onlar azərbaycanlıları uzaqlaşdırmaq üçün güc tətbiq etmək niyyətində deyillər. Onlar "yuxarıdan" bu qərarı aldıqda nə edəcəklərini anlayacaqlar”.
Yeri gəlmişkən, bundan əvvəl "Qarabağ parlamentinin" üzvləri sülhməramlıları "daha sərt tədbirlər görməyə və azərbaycanlıların qeyri-insani hərəkətlərinin qarşısını almağa" çağırmışdılar. Görünən odur ki, bunların heç birinə məhəl qoyulmayıb. Rusiya satqın ermənilərə görə Azərbaycanla qarşıdurmaya getmək istəmir.
“Erməni separatçıları istəyir ki, Rusiya onların yerinə Azərbaycanla qarşıdurmaya getsin”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Volkov Moskvadan gələn təlimatlara əsasən hərəkət edir: “Zatən Azərbaycan cəmiyyətində rus sülhməramlılarının separatçıların qanunsuz fəaliyyətinə göz yumması ilə bağlı ciddi narazılıq var. Separatçılar həm Azərbaycan qanunlarına tabe olmurlar, həm də sərvətlərimizi qanunsuz olaraq talan edirlər. Üstəlik, provakativ formada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq aparmasına imkan vermədilər. Bunların heç birinə Rusiya sülhməramlıları müdaxilə etmirsə, o zaman hansı əsasla azərbaycanlı aktivistlərin aksiyasına müdaxilə edəcəklər? Belə olarsa, o zaman bu, Rusiya-Azərbaycan münasibətlərinə birbaşa mənfi təsir edəcək. Dünyada indiki geosiyasi qarşıdurma şəraitində bu, Rusiyaya lazımdırmı? Əlbəttə ki, yox. Çünki belə olacağı halda bu həm də Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir edəcək. Onsuz da Ukrayna müharibəsi səbəbindən Rusiyanın Qərblə münasibətləri kəskin dərəcədə pisləşib. Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində təşəbbüsü ələ almaqla dünyadakı imicini qismən yaxşılaşdırmaq istəyir. Başqa bir tərəfdən, bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. O üzdən, azərbaycanlı fəalların məlum tələbləri tamamilə hüquqi əsaslara söykənir. Biz istəyirik ki, sərvətlərimiz qanunsuz olaraq talanmasın, ekologiyaya ziyan vurulmasın. Burada qeyri-qanuni nə var ki? Erməni tərəfi isə buna əməl etmək istəmir. Erməni separatçıları istəyir ki, Rusiya onların yerinə Azərbaycanla qarşıdurmaya getsin. Bu da real görünmür”.
Vidadi ORDAHALLI