Laçın dəhlizinin yaradılma məqsədi bəllidir. Rusların orada sülhü qorumaq vəzifəsi var, amma digər tərəfdən də Azərbaycanın öz torpaqlarındakı sərvətlərinin qanunsuz şəkildə çıxarılıb satılması həm beynəlxalq hüquqa ziddir, həm də Azərbaycanın sərvətlərinin oğurlanması mənasına gəlir.
Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündən sonra azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq qeyd edib.
O bildirib ki, bir tərəfdən də nəzarətsiz ətraf mühit problemləri var və oraya müşahidəçi qismində gedən insanların qarşısının alınması pozuntuların nə dərəcədə şiddətli olduğunun göstəricisidir.
"Rusiya tərəfi bu məsələdə Azərbaycanla əməkdaşlıq etməli, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər isə bu yoxlamaların qarşısını almamalıdır. Burada əsas vəzifə rusların üzərinə düşür, çünki Laçın dəhlizinin normal şəkildə işləməsi də onların məsuliyyətindədir. Bu məsələdə Azərbaycan hüquqi baxımından da, ədalətli olaraq qanunsuz fəaliyyətlərə qarşı çıxmaq baxımından da haqlıdır. Buna görə də biz Azərbaycanı bu haqlı mübarizədə də dəstəkləyirik", - deyə M.Çavuşoğlu bildirib.
Çavuşoğlu onu da bildirib ki, Azərbaycan və Türkiyə normallaşma məsələsində səmimidir: "Ermənistan da səmimi addımlar atmalı və tezliklə sülh müqaviləsini imzalamalıdır".
Türkiyənin Ermənistanla danışıqlarını xüsusi nümayəndələr vasitəsilə davam etdirdiyini xatırladan Çavuşoğlu bəzi jestlər etdiklərini bildirib. "Güvən yaratma addımları üçün koordinasiyalı şəkildə hava məkanımızın açılmasında hava yükləri ilə bağlı bəzi addımlar atdıq. Yəni bundan sonra hər kəs bir addım atmalıdır. Ermənistan da səmimi addımlar atmalıdır. Onlar da bizim səmimi yanaşmamıza səmimi cavab verməlidirlər, biz Azərbaycan və Türkiyə olaraq səmimi olduğumuz üçün bu səmimiyyətə qarşılıq verərik", - deyə M.Çavuşoğlu əlavə edib.
Çavuşoğlu Türkiyə və Azərbaycanın Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiq olduğunu bildirərək, iki müttəfiq ölkənin öz aralarında təlimlər, əməkdaşlıq və birgə təlim proqramları keçirməsinin tamamilə təbii olduğunu və bunun heç bir ölkə üçün təhlükə olmadığını vurğulayıb.