Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçilərinin Şuşa-Xankəndi yolunda keçirdiyi aksiyaya Mədəniyyət Nazirliyi də qoşulub. Bu barədə nazirliyin Media və Kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova məlumat yayıb.
“Mədəniyyət Nazirliyi olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları və mütəxəssisləri ilə birgə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan məntəqələrdə yerləşən tarixi abidələrin monitorinqini keçirməyə hazırıq”, - məlumatda deyilir.
Bildiyimiz kimi, xeyli müddətdir nazirliyin Dövlət Xidməti azad ərazilərdə abidələrin monitorinqini həyata keçirməyə başlayıb. Təəssüf ki, hələ Azərbaycan mütəxəssisləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki abidələrin monitorinqini həyata keçirə bilməyib. Çünki ərazidə erməni separatçıları, Vardanyanın dəstəsi təxribatlar törədir. Amma erməni separatizminə qarşı həmişə mübariz olmalıyıq və bu cür monitorinqlər keçirməkdən çəkinməməliyik. Odur ki, nazirlik rəsmən monitorinq keçirməyə hazır olduğunu deyir.
Mübariz Göyüşlü: “Nazirlik bu tələbinin arxasınca getməlidir və mədəniyyət sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutunun fəalları da bu prosesə qoşulmalıdırlar
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Mədəniyyət Nazirliyinin təşəbbüsünü müsbət dəyərləndirir. M.Göyüşlünün sözlərinə görə, hazırda bunun tam zamanıdır və Mədəniyyət Nazirliyinin abidələrin monitorinqini keçirmək istəyi dəstəklənir: “Mən özüm də bu aksiyanın iştirakçısıyam, hazırda Şuşadayam. Bu mövzunu qabartmağınız yerinə düşdü. Əvvəla onu deyim ki, dünən bütün günü tələblərimizi irəli sürmüşük, Volkovun üzə çıxmasını və monitorinqin aparılmasına icazə verməsini tələb etmişik. Aksiya yüksək səviyyədə keçir, bütün ekofəallar, QHT sektorunun təmsilçiləri, vətəndaş cəmniyyəti nümayəndələri və jurnalistlər çox yüksək şəkildə aktivlik göstərirlər. Düşünürəm ki, aktivliyin, bu davranışın qarşısında erməni separatçıları və onların havadarları duruş gətirə bilməz. Mədəniyyət Nazirliyinin bu təşəbbüsünü alqışlayıram, tam yerinə düşən bir ideyadır. Xankəndi, Ağdərə, Xocalı, Xocavənd bizim ərazimizdir, oradakı bütün abidələr xalqımızın tarixi mədəni irsidir, onlar bizə aiddir. Bu ərazidə ermənilərə aid heç bir mədəni irs, abidə yoxdur. Ona görə də, Mədəniyyət Nazirliyinin haqlı tələbi, təşəbbüsü təqdirəlayiqdir. Hesab edirəm, nazirlik bu tələbinin arxasınca getməlidir və mədəniyyət sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutunun fəalları da bu prosesə qoşulmalıdırlar. Bütövlükdə, bu prosesi genişləndirmək lazımdır. Xankəndi bizimdir, Qarabağ Azərbaycandır! Biz bu tələblərimizi daha da sərt şəkildə, inadla dilə gətirməliyik və buna nail olmalıyıq, olacağıq da”.
Samir Adıgözəlli: “Mədəniyyət Nazirliyinin də prosesə dəstək verməsi aksiyaya yeni bir nəfəs, yeni ideya verəcək”
İSBAM sədri Samir Adıgözəlli də hazırda aksiyada iştirak edir və prosesi yaxından izləyir. Mədəniyyət Nazirliyinin başlatmaq istədiyi təşəbbüsü dəstəkləyən S.Adıgözəlli hesab edir ki, mədəniyyətyönümlü QHT-lər də bu prosesə təkan verməlidir. O bildirdi ki, son 30 ildə ermənilərin yaratdığı ekoloji terror hamıya məlumdur. Onun sözlərinə görə, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Azərbaycanın fəal qüvvələrinin keçirdiyi aksiyalar tam haqlıdır. “Azərbaycan, bilirsiz ki, monitorinq aparmaq istəyir, lakin Rusiya sülhməramlılarının hərbi kontingentinin rəhbərliyi icazə vermədiyi üçün Laçın-Xankəndi yolunda aksiyalara başlanılıb, çadırlar qurulub. Vətəndaş cəmiyyəti institutu təmsilçilərinin, jurnalsitlərin, ekofəalların iştirakı ilə aksiya davam edir. Biz də burdayıq. Belə bir məqamda Mədəniyyət Nazirliyinin də prosesə dəstək verməsi aksiyaya yeni bir nəfəs, yeni ideya verəcək. Hesab edirəm ki, ekomonitorinq qrupu ilə yanaşı mədəni abidələrin monitorinqinin də keçirilməsi vacibdir. Bu monitorinq qrupunun əraziyə buraxılmasını tələb edirik. Bu haqlı məsələsidr. Bu haqq işinə Mədəniyyət Naizrliyinin də qoşulması və bu ərazilərdə Azərbaycan abidələrini monitorinq etməsi çox vacibdir. Bilirsiz ki, bu ərazilərdə ermənilər abidələrimizə qarşı vandalizm aktları həyata keçirib. Bu məsələnin dərindən öyrənilməsi tariximiz, mədəniyyətimiz üçün vacib olan amillərdən biridir. Mədəniyyət Nazirliyinin də müvafiq monitorinq qrupunun rus sülhməramçlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə işləməsinə şərait yaradılmalıdır”.
S.Adıgözəlli hesab edir ki, aksiyalar nəticəsiz qalmayacaq və Azərbaycan tərəfi istədiyinə nail olacaq, ərazilərimizdə monitorinlər keçirə bilcəyik. O qeyd edir ki, sepaartçıların bütün təxribatlarına baxmayaraq, aksiyaçılar istəyinə nail olmaqda israrlıdır.
İradə SARIYEVA