Ermənistan heç cür Azərbaycan ərazilərində yaşayan separatçı erməniləri maliyyələşdirməkdən əl çəkmir. Dəfələrlə daxildən etirazlar edilsə də, Qarabağdakı erməni separatçılarına ayrılan vəsaitin kəsilməsi tələb olunsa da, yenə də Paşinyan hökuməti separatçıları maliyyələşdirməkdə davam edir. Özü ac-yalavac olan Ermənistan xaricdən aldığı dilənçi payını separatçılarla bölüşür.
"Sputnik Armenia”nın yaydığı məlumata görə, Ermənistan hökuməti Qarabağdakı qondarma rejimə 8 milyard dram (təxminən 20 milyon dollar) əlavə dəstək verəcək. Bu barədə Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib. Guya bu vəsait hesabına mənzil tikintisi proqramlarının genişləndirilməsi, eləcə də Qarabağda yaşayan ermənilərin banklar qarşısında öhdəliklərinin maliyyələşdirilməsi nəzərdə tutulur.
Təbii ki, burada məqsəd hazırda rus sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycan ərazisində yaşayan erməni separatçılarının əlini bir az da möhkəmlətmək, onların yeni separatizm dalğasının kükrəməsinə dəstək verməkdir.
“Separatçılara maliyyə dəstəyi verən, büdcəsindən vəsait ayıran Ermənistan kimi dövlətlərə qarşı beynəlxalq müstəvidə addım atılmalıdır”
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ümumiyyətlə separatçı qrupların, rejimlərin müxtəlif dövlətlər tərəfindən dəstəklənməsi bütün dünyada arzu olunmayan bir haldır. “Separatçı qrupların hansısa dövlətlər tərəfindən maliyyələşdirilməsi BMT-nin nizamnaməsinə, digər beynəlxalq müqavilələrə, konvensiyalara ziddir. Separatçıların bu şəkildə dəstəklənməsi yolverilməz sayılmalıdır. Amma çox təəssüflər olsun ki, bir sıra hallarda ABŞ, İngiltərə, Fransa və başqa ölkələr, hazırda Qarabağda mövcud olan separatçı dəstə də daxil olmaqla, dünyanın bir sıra separatçı rejimlərinə dəstək verirlər. Bu ümumiyyətlə dünyada dövlətçiliyin zəifləməsinə, dövlətçilyin sarsılmasına səbəb olan, beynəlxalq hüquq normalarına hörmətsizlik məsələsidir. Ermənistan dövlət büdcəsindən separatçılara maliyyə ayırmaqla bölgədə separatizmin alovlanmasına dəstək verir. Azərbaycan BMT-nin üzvü olan dövlət kimi Ermənistanın açıq şəkildə separatçıları maliyyələşdirməsi məsələsini beynəlxalq səviyyədə qabartmalıdır. Qarabağdakı separatçılara yalnız Ermənistan deyil, başqa ölkələr də maliyyə dəstəyi verir. Azərbaycan həm Qarabağdakı, həm də digər ölkələrdəki separatçılara dəstək olan ölkələrin bu davranışlarını kəskin şəkildə pisləməlidir, bunun mahiyyətini beynəlxalq ictimaiyyətə anlatmalıdır. Ölkəmiz tərəfindən separatçıların maliyyələşdirilməsi məsələsi beynəlxalq gündəmə çıxarılmalıdır”. Bu maliyyələşmənin tamamilə qanunsuz olduğunu deyən A.Nəsirli hesab edir ki, bu məsələ beynəlxalq aləmin gündəminə gətirilməli və onun qanunazidd, beynəlxalq hüquq pozuntusu olduğu dünyaya yayılmalıdır. Azərbaycanın bu istiqamətdə beynəlxalq müstəvidə hərəkətə keçməli olduğunu vurğulayan A.Nəsirli vurğuladı ki, Azərbaycan çağırış etməlidir: “Azərbaycan çağırış etməlidir ki, əgər biz müharibəsiz, qansız-qadasız sülh dünyası görmək istəyiriksə heç bir ölkə separatçı rejimlərə, separatçılara dəstək verməməlidir. Separatçılara maliyyə dəstəyi verən, büdcəsindən vəsait ayıran Ermənistan kimi dövlətlərə qarşı beynəlxalq müstəvidə addım atılmalıdır. Çünki bu qanunaziddir. Ölkəmiz bu kontekstdə diplomatik fəaliyyəti gücləndirməlidir, beynəlxalq aləmin, dünya dövlətlərinin bir daha yadına salmalıdır ki, bu cür dəstək nələri zədələyir, dünyaya hansı istiqamətdə ziyan verir”.
İradə SARIYEVA