07/02/2023 02:49
728 x 90

Mirzoyan AB missiyasının sərhədlərdə antirus məqsədini gizlətdi - "Rusiya bacarmır"...

Rəşad Bayramov: “Çox maraqlıdır ki, bunları görən Rusiya Ermənistanı hələ də dolayısı ilə himayə edir”

img

Ermənistanın  XİN rəhbəri Ararat Mirzoyan Ermənistan parlamentindəki  “hökumət saatı”nda bildirib ki, ölkəsi sərhəddə monitorinq aparmaq üçün müxtəlif təşkilatlara müraciət edib:

“Ermənistan Respublikası beynəlxalq strukturların Ermənistanla Azərbaycan sərhədində monitorinq missiyasında maraqlıdır. Məsələn:  KTMT, ATƏT, Aİ.

O bildirib ki, ATƏT-dən Ermənistana missiya gəlib, o artıq öz işini başa çatdırıb, hazırda isə Aİ-nin missiyası Ermənistandadır və dekabrın 20-dək fəaliyyət göstərəcək.

Mən iki səbəbə görə Aİ-yə üzv dövlətlərin Ermənistan-Azərbaycan sərhədində mövcudluğunu saxlamaqla missiyanı davam etdirməyə hazır olmasını alqışlayıram. Birincisi, bu missiyanın neytrallığına şübhə yoxdur və tərəflərin silahlı qüvvələrinin hansı ərazilərdə yerləşdirildiyini anlamaq üçün missiyanın qiymətləndirmələri gələcək beynəlxalq proseslər, o cümlədən göndərən təşkilat və ya ölkə üçün çox vacibdir”.

O bildirib ki, müşahidəçilər Ermənistan tərəfinə sentyabrda dəymiş “ziyanı”  da qeyd edə bilərlər:

“İkinci səbəb odur ki, vəziyyətin daha da gərginləşməsində qabaqlayıcı rol oynamaq üçün Ermənistan-Azərbaycan sərhədində neytral müşahidəçilərin, monitorinq missiyasının olması zəruridir. Hesab edirəm ki, vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Aİ missiyası da qabaqlayıcı rol oynayıb, ona görə də Ermənistan bu missiyanın müddətinin uzadılmasını, yaxud başqa ölkədən və ya dövlət qurumundan yeni müşahidə missiyasının göndərilməsini ancaq alqışlaya bilər”.

Göründüyü kimi, Ermənistan Qərbin göndərdiyi missiyanın əsl səbəbini gizlətməyə çalışır. Əslində isə missiyanın mandatlnı uzatmaqda maraqları odur ki, Qarabağ ətrafında mübahisələrin bitmədiyini şüurlara yeritsinlər. Eyni zamanda,  Rusiyanın bölgədə sabitlik yaratmaq gücündə olmadığını  dünyaya  göstərsinlər. Əslində bu, Rusiyaya qarşı düşmən niyyətdir. Mirzoyan deyir ki, missiya bura gələndən vəziyyət sabitləşib. Yəni demək istəyir ki, rusların öhdəsinə buraxılsaydı, sakitlik  olmayacaqdı. Bir daha aydın olur ki, əsl hədəf Rusiyanı dünyada biabır etməkdir.

Rəsmi İrəvan Avropa İttifaqının Ermənistanın Azərbaycanla şərti sərhədində fəaliyyət göstərən monitorinq missiyasının işini kifayət qədər səmərəli sayır.

Ermənistanın bu mövqeyi ilə bağlı ekspetlər nə düşünür?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın ikibaşlı oyun oynadığı bir daha özünü aydın şəkildə göstərir: “Bilirsiniz ki, bu adda missiyanın biz tərəfdən sərhədlərimizdəki fəaliyyətinə Azərbaycan razı olmayıb. Ermənistan isə qapılarını onların üzünə açdı. Deyilir ki, missiyanın  məqsədi bölgədə sülhün və təhlükəsizliyin bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir.  Ermənistanın Azərbaycanla sərhədinə 40-dək Avropa İttifaqı müşahidəçisi göndərilib.  Avropa İttifaqı müşahidəçilərinin çevik yerləşdirilməsini təmin etmək üçün onların müvəqqəti olaraq Avropa İttifaqının Gürcüstandakı müşahidəçilər missiyasının tərkibindən göndərilməsini  qərara aldı.

Bildirilirdi ki, monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox sürməyəcək. Görürük ki, missiya vaxtı bitəndən sonra da  burada qalmağı planlayır.

Ermənistan rəhbərliyi bundan əvvəl də müşahidəçilərin görünməyən fəaliyyətini tərifləyib.  Məqsəd bəllidir, gərginliyin davam etdiyini dünyaya çatdırıb, sülh sazişini imzalamaqdan yayınmaq. Həm də Rusiyanın vasitəçilik missiyasını lağ hədəfinə çevirməyə çalışırlar. Çox maraqlıdır ki, bunları görən Rusiya Ermənistanı hələ də dolayısı ilə himayə edir. Onlara  Qarabağda öhdəliklərinə əməl etməklə bağlı ciddi təzyiq göstərmir. Ermənistan faktiki olaraq həm Rusiyanı əlində saxlayır, həm də Qərbi tərifləməklə onlardan milyardlarla yardım alır. Azərbaycan öz mövqeyində sabit qalıb, Ermənistanı öhdəliklərini yerinə yetirməyə sövq etdirməlidir. Heç bir missiya buna mane ola bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər