06/02/2023 14:01
728 x 90

"Normallaşma prosesində əsas məsuliyyət Azərbaycan və Ermənistan tərəflərinin üzərinə düşür və düşməlidir" - Nazir

img

Normallaşma prosesində əsas məsuliyyət Azərbaycan və Ermənistan tərəflərinin üzərinə düşür və düşməlidir.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

"Biz tez-tez eşidirik ki, müxtəlif layihələr, müxtəlif təşəbbüslər var, onlardan baza kimi istifadə oluna bilər və ya olunmalıdır. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması baxımından bu məsələni fundamental hesab edirik. Azərbaycanın bu məsələdə çox aydın məramı, baxışı, ən əsası bu məsələni həll etmək arzusu var. Məhz Azərbaycan tərəfi hərbi əməliyyatlar başa çatdıqdan və 30 ilə yaxın davam edən münaqişə və işğaldan dərhal sonra ölkə Prezidentinin timsalında düşmənçilik səhifəsini çevirməyə və sülh müqaviləsi üzərində işləməyə çağırış etdi. Məhz Azərbaycan tərəfi 2022-ci ilin fevralında gələcək sülh müqaviləsinin əsas prinsiplərini Ermənistan tərəfinə təqdim etdi.

Biz bu prosesə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara minnətdarıq və beynəlxalq hüququn fundamental norma və prinsiplərini nəzərə alaraq bunu müzakirə etməyə hazırıq. Bu prosesdə birbaşa və ya dolayısı ilə iştirak edən bütün insanlar Azərbaycanın mövqeyinin çox ardıcıl və sistemli olduğunu təsdiqləyə bilərlər.

Bu məsələdə ayrı-ayrı gündəmlərə söykənən bəzi birtərəfli addımlar, qətiyyən müsbətə yönəlməyən addımlar atmağa çalışmaq təbii ki, əks-nəticə verir. Bəzi ölkələr tərəfindən bu məsələnin beynəlxalq təşkilatlara təqdim edilməsi hallarına rast gəlirik. Bu beynəlxalq təşkilatların bəziləri sırf humanitar xarakter daşıyır, heç vaxt bu məsələ ilə məşğul olmayıblar, əslində münaqişələrlə məşğul olmurlar.

Əsas məsuliyyət, ilk növbədə, Azərbaycan və Ermənistan tərəfinin üzərinə düşür və düşməlidir.

30 illik münaqişənin tarixi bizə göstərdi ki, sadəcə oturub bizim əvəzimizə kiminsə gəlib bu məsələni həll edəcəyinə ümid bəsləmək bir qədər sadəlövh yanaşmadır. İlk növbədə, hazırlıq, siyasi iradə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət bu istiqamətdə irəliləməyə kömək edə bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, biz bu prosesə müsbət təsir göstərə biləcək, obyektiv yanaşan və mənfi maraqları olmayan beynəlxalq aktorlarla əməkdaşlığa hazırıq. Regionda öz təsirlərini süni surətdə artırmaq, bölgəni digər ölkələrlə qarşıdurma meydanına çevirmək cəhdləri çox mənfi haldır”, - deyə Bayramov qeyd edib.

Peşə etikası

Son xəbərlər