07/02/2023 13:08
728 x 90

Hörmətli Rəşad Mahmudov, indi deputat çağırışına baxan kimdir?!

img

...Bir neçə gün əvvəl Milli Məclisdə deputat Rəşad Mahmudovun bir çıxışı barədə rastıma xəbər çıxdı. Deputatın dediyi budur ki, tibb müəssisələrindən ƏDV və mənfəət vergisi 1-dən tutmuş 38 faizədək fərqlə tutulur.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

“Nə qədər həqiqətdir, bilmirəm. Ancaq doğrudursa, böyük və həm də əcaib problemdir.

Tibb müəssisəsi mənfəət vergisindən necə və niyə azad edilməlidir? O hansı tibb müəssisəsidir ki, cəmi 1 faiz ƏDV ödəyir? Bu nə ayrı-seçkilikdir?

Rəhbərlik etdiyim “Bakı-Xəbər” qəzeti olaraq kollektivlə birgə hər ay 3 min manatdan çox məcburi sığorta və vergi ödəyirik. Bu bir qəzetdir, mənfəətlə işləmir, ancaq ödənişlər yerindədir.

Bəs tibb müəssisələri niyə ödəmir? TƏBİB-in, Səhiyyə Nazirliyinin, başqa nazirliklərin tibb müəssisələri və özəl klinikalar olmaqla ölkədə azı 4 seqment üzrə tibb ocaqları var. Hamısında da maşallah, pullu xidmətlər tüğyan edir. Mərkəzi klinik cərrahiyəyə tək giriş 25 manat, portala düşmək və bir gün sonra nəticə almaq şərtilə COVİD testinin qiyməti 90 manatdır. Halbuki həmin test "Buta" klinikada həm də bir saat sonra nəticə vermək şərti ilə cəmi 40 manatdır. Fərqlərə baxın...

Dəllək, müğənni, taksi sürücüsü, az qala küçə muzkantlarının da vergiyə cəlb olunduğu vaxtda "pul vurub qazan dolduran" tibb müəssisələrini kim, niyə vergidən azad edib və ya "seqreqasiyalı vergiyə" cəlb edib? (biri 1, digəri 5 manat).

Millət vəkili, həm də böyük bir tibb müəssisəsinə rəhbərlik edən həkim-professor bunu deyirsə, deməli problem öz ağırlığı və kəskinliyi ilə ortadadır.

Bilmirəm, bəlkə qanunda fərqli məbləğlərdə vergi ödənişi arqumentlərlə əsaslandırılıb. Belədirsə qanunları yazan məşhur millət vəkili və təbib-professor bunu niyə bilmir?

Ancaq hörmətli Rəşad Mahmudovun sonda kimlərəsə xitabən "xahiş edirəm, bu fərqlər aradan qaldırılsın" kimi müraciətinə tam haqq verə bilmədim. Çünki hörmətli professor millət vəkili olaraq məsələyə daha təsirli səlahiyyətləri və rıçaqları olduğu halda, zəif çağırış yolu tutur.

Çağırışa baxan kimdir? Həm də millət vəkillərinin çağırışlarına heç kimin məhəl qoymadığını dəfələrlə elə millət vəkillərinin öz dillərindən eşitməmişik?!..”

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər