06/02/2023 14:26
728 x 90

ABŞ birbaşa Bakı-Yerevan danışıqlarını bir daha bəyan etdi...

Hüseyn İbrahimov: “Bu, tərəflər arasında münasibətlərin yeni səviyyəyə qaldırılmasından xəbər verir”

img

Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filipp Riker İrəvan səfərinin yekunlarına dair açıqlama yayıb. O, Ermənistanın baş naziri və xarici işlər naziri ilə məhsuldar danışıqlardan, Bakıda və Tbilisidə analoji danışıqlar aparmasından bəhs edib.

F.Riker bəyan edib ki, ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır: “ABŞ ən yüksək səviyyədə, dövlət katibi Blinkenin və milli təhlükəsizlik məsələləri üzrə müşavir Sallivanın şəxsində birbaşa Ermənistan-Azərbaycan danışıqlarına cəlb edilib və onu dəstəkləyir. Biz Cənubi Qafqazda dinc gələcəyin təmin edilməsinə sadiqik. Biz əminik ki, hərbi əməliyyatlar yox, davam edən birbaşa dialoq nizamlanmada və hərtərəfli uzunmüddətli sülhün əldə olunmasında mühüm rol oynayır. Başa düşürük ki, bu, asan deyil, ancaq mən Blinkenin Mirzoyan və Bayramovla görüşdə söylədiyi sözləri təkrarlamaq istəyirəm ki, ABŞ sülhə nail olmaqdan ötrü sizin səylərinizi dəstəkləmək üçün hər şeyi etməyə hazırdır”.

Görünən odur ki, bununla ABŞ tərəflər arasında birbaşa dialoqun daha səmərəli effekt verəcəyi qənaətindədir.

Məsələyə münasibət bildirən İdarəçilik Akademiyasının müallimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, bu, ABŞ-ın tərəflərə ciddi çağrışlarından irəli gəlir: “Bu, tərəflər arasında münasibətlərin yeni səviyyəyə qaldırılmasından xəbər verir. Həmçinin bu, onu göstərir ki, digər vasitəçilərin prosesdə iştirakına zərurət yoxdur. Məsələ ondadır ki, tərəflər arasında hansısa vasitəçi olanda bu, prosesi tormozlayır. Çünki bir sıra hallarda vasitəçi tərəflərin öz maraqları olur. Öz maraqlarından çıxış edərək münasibətləri tənzimləmək istəyirlər. Yaxud da elə zəmin yaradırlar ki, münaqişə həll olunmasın. Bundan hər iki tərəfə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. O üzdən, ən optimal varinant vasitəçi olmadan aparılan danışıqlardır. Vaşinqton istəyir ki, Azərbaycan-Ermənistan münasibətləri yoluna düşsün və region Avropa ilə Asiya arasında qovşaq rolunda çıxış etsin. Postkonflikt dövründə tərəflərin birbaşa səyləri artmalıdır. Məhz tərəflər arasında birbaşa danışıqlar buna təkan verir. Vasitəçi olanda isə, tərəflər daha çox vasitəçidən nəyisə gözləyir. Bu da prosesin uzun müddət uzanmasına gətirib çıxarır. Çünki vasitəçilərin sayı nə qədər çox olursa, bu, postkonflikt dövrünün uzanmasına o qədər təsir göstərmiş olur”.

Sosioloq onu da əlavə etdi ki, bundan sonra danışıqlar vasitəçilərsiz olarsa, bu, öz səmərəsini göstərəcək.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər