06/02/2023 14:06
728 x 90

Ermənistan Qarabağ erməniləri ilə Bakının vasitəçilərsiz danışığını da qəbul edir...

Vüqar Rəhimzadə: “Ruben Rubenyanın məlum fikirləri rəsmi İrəvanın artıq bu reallığı qəbul etməsi anlamına gəlir”

img

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bəyan edib ki, “Qarabağ xalqı”nın hüquqları və təhlükəsizliyi məsələsi həll edilməlidir, əks halda bu, ermənilərin oradan qovulması və guya onların soyqırımı deməkdir: “Biz hesab edirik ki, bu məsələni beynəlxalq mexanizmlərdən istifadə etməklə Bakı ilə Stepanakert arasında birbaşa danışıqlar yolu ilə həll etmək olar”.

Parlament sədrinin müavininin sözlərinə görə, “Mülki müqavilə” fraksiyasının “Ermənistan” fraksiyasının təklif etdiyi bəyanat layihəsinin bəzi bəndləri ilə razılaşmamasının səbəbi odur ki, onlar bu bəyanatı qəbul etməklə qeyd olunan üç məqama zidd addım atmış olacaqdıqlar.

Ermənistan rəsmisinin belə yanaşması əslində müəyyən mənada Azərbaycanın prinsipləri ilə razılaşmağın əlamətidir. Çünki bu günlərdə Prezident İlham Əliyev ADA Universitetində dedi ki, Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi: “Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir. Bu, razılaşdırıldı və buna görə də demək istədiyim odur ki, bu, nəticəyönümlü tədbir idi”.

Əslində bu, Prezidentin dediklərinin müəyyən mənada Ermənistanda parlament rəhbərliyi səviyyəsində qəbul olunmasıdır ki, bəli, heç bir kənar vasitəci, beynəlxalq mexanizm, Ermənistanın iştirakı olmadan Bakı ilə Qarabağ erməniləri arasında danışıqlar olmalıdır. Yəni, onların hüquq və təhlükəsizliyi ilə bağlı.

Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, Qarabağ ermənilərinin təhlükəsizlik məsələsi yalnız Bakının səlahiyyətlərinə aid olan məsələdir: “Çünki onlar Azərbaycan vətəndaşıdılar. Ölkənin digər vətəndaşlarına olan münasibət, onlara da şamil olunmalıdır. Söhbət bərabər hüquqlu vətəndaşlığın təmin olunmasından gedir. Yəni, bu, Azərbaycanın daxili işidir. Qarabağ erməniləri ilə danışıqlarda nə ATƏT, nə də Rusiya və ABŞ vasitəçi ola bilməz. Nəinki vasitəçi ola bilməz, heç bu barədə söhbət belə gedə bilməz. R.Rubenyanın məlum fikirləri rəsmi İrəvanın artıq bu reallığı qəbul etməsi anlamına gəlir. Azərbaycanda yaşayan bütün etniklər ölkənin bərabər hüquqlu vətəndaşıdılar. Bu baxımdan hamı bu reallığı qəbul etməli və bununla hesablaşmalıdır”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər