Ermənistan telekanalında yayımlanan “Reviev” verlişinin efiri zamanı xaricdə yaşayan tanınmış erməni publisist, siyasi şərhçi Artsrun Pepanyan ermənilərə ciddi xəbərdarlıq edib:
“Azərbaycan Ordusunun dəqiq və millimetrinə qədər ölçülüb-biçilmiş hərbi əməliyyat planı artıq mövcuddur. Bu artıq heç kimə sirr deyil. Əgər Ermənistan hakimiyyəti bir az da sağ-sol etsə, Bakının səbri tükənəcək. Bu ilin sonuna qədər Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin xırda bir səhvini gözləyəcək və dərhal əməlliyat planı işə düşəcək. Bu dəfə hər şey tez bitəcək, çünki Ermənistan özünü qorumaq qabilliyətinə qadir deyil, qaldı ki, Xankəndini və yaxud Laçın dəhlizini qoruya bilsin”.
Erməni cəmiyyəti Azərbaycanın nəyə qadir olduğunu dəqiq bilirsə, hakimiyyət niyə bunu anlamaq istəmir?
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər” qəzetinə bildirdi ki, Ermənistan hakimiyyəti Azərbaycanın gücünü, imkanlarını erməni cəmiyyətindən daha yaxşı bilir: “Amma Ermənistan hakimiyyəti, həm Ermənistan ictimaiyyətinin 5-ci kalonları, yəni Fransanın, İranın, Rusiyanın tərəfdarlarının , həm də siyasi hakimiyyətlərin və erməni diasporunun basqısı altındadır. Ona görə də, Ermənistan hakimiyyəti manevrlar etmək məcburiyyətində qalır. Bu manevrlər bəzən Ermənistan hakimiyyəti üçün uğurlu olsa da, çox vaxt hakimiyyət üçün uğursuz nəticələrə səbəb olur. Mən əminəm ki, Paşinyan bütün gücü ilə çalışır Qarabağ yükündən qurtulsun. Paşinyan çox millətçi adamdır. Qəti şəkildə deyə bilərəm ki, Paşinyan Ermənistanda iqtisadi, siyasi, hərbi və demoqrafiq tənəzzül gördüyü üçün, çalışır ki, Qarabağ yükündən qurtulub Ermənistanı xilas etsin. Amma Ermənistanda olan 5-ci kalonlar və Ermənistana təzyiq edən dövlətlər, siyasi mərkəzlər və nəhayət xaricdə olan lobbi Ermənistanı xilas etməkdən çox, onlardan bir vasitə kimi istifadə edib, öz maraqlarını həyata keçirməyə çalışır. Ona görə də, çox zaman Paşinyan manevr edəndə zərərə düşür. Ancaq Ermənistanda Paşinyan və sağlam düşüncəli qüvvələr Azərbaycanla hər hansı formada toqquşmaya getməyi düşünmürlər. Çünki deyildiyi kimi, bu, Ermənistanın sonu olar”.
Bir tərəfdən də başa düşürük ki, Paşinyan niyə belə edir. Çünki Ermənistanda cəmiyyət parçalanıb, orada çoxlu sayda qisasçılar qalıb. Erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi hələ də Azərbaycanla sülh müqaviləsinə qarşı çıxır, onu ölkə üçün tam məğlubiyyət hesab edirlər. Erməni əhalisinin Azərbaycanla barışığı bu cür qəbul etməsi qismən Ermənistan hakimiyyətinin hərəkətsizliyindən irəli gəlir. Çünki revanşist təbliğata kifayət qədər müqavimət göstərmir və Azərbaycanla sülhün nə üçün həm xalqın, həm dövlətin xeyrinə olduğunu izah etmir. Azərbaycanla imzalanmış razılaşmaları pozmağa çalışan dağıdıcı qüvvələrin təbliğatı insanlara güclü təsir göstərir.
İrəvan istənilən halda Azərbaycanla sülh müqaviləsi bağlayacaq. Bakı çoxdan bəyan edib ki, Azərbaycan pasportu almaq istəyən və azərbaycanlılarla dinc yanaşı yaşamağa razı olan bütün Qarabağın etnik ermənilərinin təhlükəsizliyinə zəmanət verir. Azərbaycan hakimiyyəti dəfələrlə deyib ki, yaşasınlar, onlara heç kim toxunmayacaq. Anladığım qədər, erməni əhalisi üçün müəyyən keçid dövründən danışmaq olar.
Məhəmmədəli QƏRİBLİ