“Qərb ölkələri ATƏT-in Minsk qrupunu dağıdıb, indi isə Rusiya Federasiyasının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə vasitəçilik səylərinə müdaxilə etməyə çalışırlar”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi videokonfransda bildirib.
Lavrovun sözlərinə görə, Rusiya sərhədin delimitasiyası məsələsində Ermənistana və Azərbaycana kömək edir və sülh müqaviləsinin razılaşdırılmasına kömək edəcək: “Paralel olaraq biz digər oyunçuların bu proseslərə müdaxilə etmək cəhdlərini müşahidə etdik. Ukraynada müharibə başladıqdan sonra Paris və Vaşinqtonun şəxsində Qərb rəsmi olaraq bildirib ki, heç bir məsələdə Rusiya ilə əməkdaşlıq etməyəcək. Bununla da onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin başa çatdığını bəyan ediblər. İndi fransızlar da, amerikalılar da, Avropa İttifaqı da tərəflərin Rusiyanın iştirakı ilə əldə etdiyi razılaşmaları özəlləşdirməyə çalışır. Məsələn, Brüsseldə delimitasiya komissiyasının iclasını keçirirlər. Ermənilər də, azərbaycanlılar da nəzakətli insanlardır, onlar oraya gedirlər. Amma təkcə Rusiyanın Baş Qərargahında mövcud olan keçmiş ittifaq respublikalarının xəritələri olmadan delimitasiyanı necə müzakirə etmək olar, bunu təsəvvür etməkdə çətinlik çəkirəm”.
Görünən odur ki, Lavrov Brüsselin vasitəçilik səylərini heç cür həzm etmək istəmir. Həmçinin qarşı tərəfi xəritələrlə təhdid edir.
“Lavrov Minsk Qrupunun yenidən fəaliyyət göstərməsi üçün Qərbə mesaj ötürür”
Məsələyə münasibət bildirən politoloq Azər Qasımovun fikrincə, Qərb Rusiyanın Ukraynanı işğal cəhdindən sonra Rusiya ilə bütün siyasi əlaqələri kəsib: “Bura Minsk qrupu tərkibində həmsədrlik də aiddir. İşğalçı Rusiya ilə heç kim eyni platformada adının çəkilməsini istəmədiyi üçün Minsk Qrupu avtomatik dağıldı. Bu, Azərbaycanın da maraqlarına uyğun idi. Müharibədən sonra Azərbaycan Prezidenti dəfələrlə bunu bəyan etmişdi və Minsk Qrupu "öldüyünü" açıqlamışdı. İlahi ədalət təcəlli etdi və bu qrup doğrudan da "öldü". Rusiya XİN başçısı Lavrovun da bu qrupun "ölməsinə" işarə etməsi isə ikiüzlü siyasətdir. Moskva regionda digər güclərin aktivliyinə, hətta sülh danışıqlarında Avropa İttifaqı və ABŞ-nin vasitəçiliklərinə qısqanclıqla yanaşır. Amma Lavrov Ukrayna müharibəsi səbəbindən düşdükləri durumu yumşaltmaq məqsədilə Minsk Qrupunun yenidən fəaliyyət göstərməsi üçün Qərbə mesaj ötürür. Görünür, Kreml Ukraynada etdiklərinə görə qismən peşman olub və yenidən beynəlxalq layihələrdə birlikdə çalışmaq niyyəti ilə özünü "konstruktiv" göstərməyə çalışır. Hesab edirəm ki, Rusiya rəsmilərinin fikirlərinə ehtiyatla yanaşmaq lazımdır. Rusiya indi elə bir durumdadır ki, əvvəlki düzəni bərpa etmək üçün hər şəkildə ittifaqlara gedə bilər. Bu baxımdan Lavrovun çıxışını regionun stabilliyi yox, Rusiyanın maraqlarını qorumaq baxımından dəyərləndirməliyik”.
Vidadi ORDAHALLI