Rusiyanın Qarabağ nizamlanması ilə bağlı hələ 2012-ci ildə təklifləri olub. Həmin təkliflər o vaxt qəbul olunsaydı, bu problemi birdəfəlik həll etmək olardı.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib. Daha sonra o deyib:
“Həmin dövrdən Qarabağın statusunun sonraya saxlanılması konsepsiyası meydana çıxıb. Konsepsiya çox sadə idi. Ermənilər Qarabağın ətrafındakı beş rayondan çıxırlar, Qarabağla Ermənistanı birləşdirən iki rayonu saxlayırlar və bu iki rayonun taleyi - onlar Azərbaycan rayonlarıdır, heç kəs bunu mübahisələndirmir - Qarabağın statusunun müəyyən olunacağı müddət ərzində müəyyən olunacaq. Həmin zaman ilk dəfə statusun sonraya saxlanılması konsepsiyası meydana çıxmışdı. “Sonraya saxlanılması”, yəni gələcək nəsillərə anlamını verir. Daha sonra müharibə oldu“.
Sanki Lavrov həmin planın baş tutmadığına görə peşmançılıq çəkdiyini büruzə verirmi?
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lavrovun etirafları bir daha Rusiya diplomatiyasının Qafqazda öz mövqelərini qorumağa çalışdığını sübut edir: “Əgər 10 il əvvəl rəsmi Moskva Ermənistan rəhbərliyinə xahiş formasında bunu edibsə, deməli, onlar Moskvanı saymayıblar. Ermənistan indinin özündə də Rusiyanın yedəyində gedən ölkədir. Bir halda ki Rusiya bunu məqbul sayıb, onda daha prinsipial və inadkar ola bilərdi. Görünür, Rusiya daxilində erməni lobbisi o qədər güclüdür ki, Ermənistan onun istəyinə məhəl qoymayıb. Rusiyanın yumşaq gücü, demək olar ki, tükənib. Olan-qalan müdaxilə imkanları münaqişəli ocaqlar üzərindəndir. Getdikcə bu potensial da tükənəcək. Artıq millətlər sözdə yox, əməldə öz müqəddəratını həll edir. Ermənistanın ücbatından Brüssel formatı, demək olar ki, iflic vəziyyətə düşüb. Qalır iki platforma: Moskva və Vaşinqton. Bu kontekstdə Moskva yenə kobud səhvə yol verir. Birincisi çalışır ki, Qarabağ prosesinə yad ünsürləri qatsın. Söhbət milyarder Vardanyandan gedir ki, onun Qarabağa ümumiyyətlə aidiyyəti yoxdur. Rusiya onu ora daxil etməklə, yeni oyun konturları cızmağa çalışır. Prezident Əliyev açıq dedi ki, biz Vardanyan amilini qəbul etməyəcəyik. Belə bir adamdan prosesə heç bir xeyir gələ bilməz. Biz status məsələsini birdəfəlik gündəmdən çıxarmışıq. Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Lazım olduğu halda Laçın yoluna nəzarəti gücləndirəcəyik ki, ermənilər ora silah-sürsat gətirməsinlər. Təxribatçılar oranı özləri üçün turist marşrutuna çevirməsinlər. Rusiya bunları başa düşməlidir. Bizim həmin ölkə ilə müttəfiqlik müqaviləmiz var. Rusiya bizimlə bərabər terrorizmə qarşı mübarizə aparmalıdırsa, necə olur ki, ermənilərin addımlarına göz yumur? Təəssüf ki, prosesləri gərginləşdirməyə çalışır, həm də Ermənistanı əldən buraxmaq istəmir. Bu gedişlərin hamısı uğursuzdur. Lavrov təsadüfən proseslər barədə ürək ağrısı ilə danışmır. Onun təəssüf hissi özünü bütün konturları ilə göstərir. Rəsmi Bakının mövqeyində heç bir yenilik olmayacaq. Biz öz prinsipisllığımızı qorumalıyıq. Prezident deyib ki, biz vətəndaşımız olacaq ermənilərin bütün problemlərini həll edəcəyik. Rusiya gərək bütün sahələr üzrə bizim mövqeyimizə diqqətlə yanaşaın. Çünki Rusiyaya Azərbaycanı itirmək qəti lazım deyil”.
Məhəmmədəli QƏRİBLİ