05/02/2023 15:36
728 x 90

Ermənistan cəmiyyətini "sülhə çox yaxşı hazırlayıblar" - əhalinin 60 faizi müharibə istəyir...

Rəşad Bayramov: “Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamaq istəyinə baxmayaraq, Ermənistanda bunu edə biləcək lider yoxdur”

img

Ermənistan sakinlərinin 59,4%-i hesab edir ki, Azərbaycana  qarşı silahlanmaq, ona layiqli cavab vermək və ölkə ərazisini qorumaq lazımdır.

Bunu “Gallup International”ın keçirdiyi sorğu sübut edir. Bununla yanaşı, respondentlərin 14,1%-i dinc danışıqlar prosesinin intensivləşdirilməsinin zəruri olduğunu düşünür. Eyni zamanda, 10% Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Qərb ölkələrinə, 8,8% isə Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün Rusiyaya üz tutmağın zəruri olduğunu düşünür. 5%-i bu suala cavab verməkdə çətinlik çəkib.

 Telefon sorğusu noyabrın 2-dən 12-dək aparılıb və 1100 vətəndaş iştirak edib.

Bununla sübut  olunur ki, Ermənistan hakimiyyəti ilə yanaşı, cəmiyyəti də müharibə ab-havasındadır. Bunlar cəmiyyəti bu şəkildə sülhə hazırlayıblar?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan regionda sülhün bərqərar olunmasına uyğun bütün variantlarda müzakirələri aparmağa hazır olduğunu nümayiş etdirir: “Hansı platforma beynəlxalq hüquqlu BMT qətnamələrini əsas tutacaqsa, ölkələrin ərazi bütövlüyü prinsiplərinə hörmət edəcəksə və bu istiqamətdə Ermənistana təzyiq edəcəksə, o platforma bizə uyğun sayıla bilər. Ermənistandan isə bunu gözləmək yersizdir. Çünki erməni cəmiyyəti, siyasi qüvvələri və Ermənistan hakimiyyəti sülh prosesinə hazır deyillər. Onlar daha çox havadarlarının tövsiyələri, verdiyi istiqamət üzərində hərəkət edirlər. Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan-Ermənistan münaqişəsində Avropa Birliyi aktiv şəkildə rol almağa çalışır. Bununla bağlı müəyyən təşəbbüslər göstərir.

Bu təşəbbüslərin nəticəsində Avropa İttifaqı prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü baş tutdu. Görüşdən sonra əsasən humanitar məsələlər, o cümlədən regionda kooperasiya və əməkdaşlığın inkişafı ilə bağlı bəyanatlar eşitdik. Bundan əlavə sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, bölgədə sülh mühiti yaradılmasında Avropa Birliyinin buna öz töhfəsini verəcəyi ilə bağlı fikirlər səsləndirildi. Təəssüf ki, Ermənistan bununla bağlı heç bir əməli addım atmadı. Ermənistanın Baş naziri Nikol Paşinyanın mövqeləri möhkəm deyil, müxalifət onu daim zəiflikdə, İkinci Qarabağ müharibəsini uduzmaqda ittiham edir. Lider kimi öz imicini gücləndirmək üçün Paşinyan müxalifətin onu sürüklədiyi təxribata gedir. Ancaq burnu ovulan kimi,  guya Azərbaycanı dayandırmaq xahişi ilə bütün dünya liderlərinə zəng vurmağa başlayır. Ermənistanda elə lider yoxdur  ki, onunla razılığa gəlmək mümkün olsun. Paşinyan öz davranışı ilə bunu sübut etdi. Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamaq istəyinə baxmayaraq, Ermənistanda bunu edə biləcək lider yoxdur. Bu səbəbdəndir ki,  cəmiyyətin özü də sülhə  tərəf deyil, aqressiya  püskürür. Sorğunun nəticələri bunu daha aydın sübut edir”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər